BAKI, AzerVoice
ABŞ-ın İsrailin-İran münaqişəsinə qoşulması, münaqişədə güc balansını İsrailin xeyrinə dəyişməyə kifayət etməyib.
AzerVoice xəbər verir ki, bu sözlər İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı bəyanatda yer alıb.
“Cinayətkar və artıq məğlub olmuş Amerika ordusunun sionist rejimin (yəni İsrailin - red.) bədbəxt əsgərlərini xilas etmək məqsədilə münaqişəyə müdaxiləsi nə güc balansını dəyişə, nə də İranın üstün gücünü zəiflədə bildi” - deyə, bəyanatda qeyd olunub.
SEPAH həmçinin bildirib ki, Tehran bu reallığı bir daha Vaşinqtona nümayiş etdirdi və ABŞ-ın Qətərdə yerləşən Əl-Udeyd hərbi bazasına cavab zərbəsi endirdi.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.
Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.
ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.
İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.