BAKI, AzerVoice
İsrail ordusu İran tərəfindən yeni raket buraxılışının qeydə alındığını bildirib.
AzerVoice xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.
Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.
İyunun 24-də ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında müvəqqəti atəşkəs elan edib.
Trampın sözlərinə görə, əvvəlcə – razılaşmanın qüvvəyə minməsindən 6 saat sonra – İran hücumlarını dayandıracaq, 12-ci saatda isə İsrail. 24 saatdan sonra isə bütün dünya “12 günlük müharibənin” rəsmi olaraq bitməsini qeyd edəcək.
İranın dövlət televiziyası da İsrail və İran arasında atəşkəsin başladığını bildirmişdi.
“Sionist rejimlə atəşkəs İranın işğal altındakı ərazilərə qarşı dörd mərhələdən ibarət zərbələrindən sonra qüvvəyə minib” – deyə, kanal X sosial şəbəkəsində qeyd edib.
Daha sonra İsrail Baş naziri Benyamin Netanyahunun ofisi də atəşkəs təklifini qəbul edib.