BAKI, AzerVoice
Almaniyanın İrandakı səfiri Markus Pottsel İran Xarici İşlər Nazirliyinə çağırılıb.
AzerVoice xəbər verir ki, bu barədə İranın Mehr agentliyi məlumat yayıb.
Məlumata görə, İran tərəfi Almaniya kansleri Fridrix Mersin son bəyanatları ilə bağlı səfirə kəskin etirazını bildirib.
Qeyd edək ki, daha əvvəl ZDF telekanalına verdiyi açıqlamada kansler Mers İsrailin İrana qarşı apardığı əməliyyatı şərh etmişdi.
"Bu, çirkli bir işdir və İsrail bunu hamımızın əvəzinə həyata keçirir" - deyə, o bildirib. Mers, həmçinin İsrail ordusuna və rəhbərliyinə hörmət etdiyini vurğulayıb.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.