BAKI, AzerVoice
İran Silahlı Qüvvələrinin elit bölməsi olan İnqilab Keşikçiləri Korpusu (SEPAH), Tehranın ilk dəfə olaraq döyüş şəraitində “Siccil” adlı iki mərhələli orta mənzilli ballistik raketini işə saldığını bəyan edib.
AzerVoice xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, İran İsrail ərazisinə bu tip üç raket atıb.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.