Əsas səhifə » Oman İsrail-İran münaqişəsinin sona çatması üçün tərəfləri danışıqlara başlamağa çağırıb

Oman İsrail-İran münaqişəsinin sona çatması üçün tərəfləri danışıqlara başlamağa çağırıb

BAKI, AzerVoice

Oman sultanı Heysəm bin Tariq əl-Said, İran Prezidenti Məsud Pezeşkiyanla telefon danışığı zamanı İran və İsraili münaqişənin sona çatdırılması üçün danışıqlara başlamağa çağırıb.

AzerVoice xəbər verir ki, bu barədə Oman mətbuatının dərc etdiyi rəsmi bəyanatda bildirilib.

“Zati-aliləri hər iki tərəfi təmkinli olmağa və münaqişənin fəlakətli nəticələrinin qarşısını almaq, insan həyatını və resursları qorumaq üçün danışıqlara qayıtmağa və qarşılıqlı razılaşmaya əldə etməyə çağırıb” - deyə, bəyanatda qeyd olunub.

Heysəm bin Tariq əlavə edib ki, Oman hökuməti bu böhranın dinc yolla həlli, gərginliyin azaldılması və davamlı razılaşmanın əldə olunması üçün bütün siyasi və diplomatik vasitələrlə yardım göstərməyə hazırdır. Öz növbəsində Pezeşkiyan, İsrailin hücumlarına baxmayaraq, İranın münaqişələrin dialoq və diplomatiya yolu ilə həllini dəstəklədiyini bildirib.

Xatırladaq ki, bu ilin aprel ayından etibarən İran və ABŞ arasında Omanın vasitəçiliyi ilə Tehranın nüvə proqramı ilə bağlı vəziyyəti nizamlamaq üçün dolayı danışıqlar aparılırdı. Yeni razılaşma əldə etmək üçün bir neçə cəhd olsa da, uranın zənginləşdirilməsi məsələsində fikir ayrılıqları səbəbindən danışıqlar təhlükə altına düşmüşdü. Tərəflər arasında altıncı raund görüşünün iyunun 15-də Omanın paytaxtı Məsqətdə keçirilməsi planlaşdırılsa da, İsrailin İrana hücumundan sonra bu görüş ləğv olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice