BAKI, AzerVoice
Ötən gecə İranın həyata keçirdiyi yeni hücum dalğasından sonra İsrail xəstəxanalarına 385 nəfər yaralı yerləşdirilib.
AzerVoice xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat verib.
Məlumata görə, Nazirliyin ilkin hesabatına əsasən, son 24 saat ərzində İsraildə 12 nəfər həlak olub. Lakin daha sonra yayılan dəqiqləşdirilmiş məlumata görə, bu rəqəm 10 nəfər olaraq düzəldilib. Beləliklə, 13 iyun axşamı İranın hava hücumlarına başlamasından bu yana İsraildə ümumi ölüm sayı 13 nəfərə çatıb.
Məlumatda, həmçinin, 7 nəfərin ağır, 40 nəfərin orta ağır, 298 nəfərin isə yüngül xəsarətlərlə xəstəxanalara yerləşdirildiyi bildirilib. Bundan əlavə, 14 nəfərin şok vəziyyətində tibbi yardım aldığı qeyd olunub.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.
Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd 3" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.