BAKI, AzerVoice
İsrail Hərbi Hava Qüvvələrinə məxsus 50 qırıcı təyyarə Tehranda yerləşən İranın nüvə obyektlərinə zərbələr endirib.
AzerVoice xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
"İsrail Hərbi Hava Qüvvələrinə məxsus 50 qırıcı təyyarə gecə boyu Tehran səmasında uçuşlar həyata keçirib və İranın nüvə infrastrukturu və obyektlərinə zərbələr endirib" - deyə, məlumatda qeyd olunub.
Bildirilib ki, hücum zamanı İran Müdafiə Nazirliyinin qərargahı, nüvə layihəsinin komanda mərkəzi və İranın nüvə arxivini gizlətdiyi digər obyektlər daxil olmaqla 80-dən çox hədəf vurulub.
"İsrail Müdafiə Ordusu cəmi üç gün ərzində 170-dən çox hədəfi və 720-dən çox hərbi infrastruktur obyektini məhv edib. Ordu İranın nüvə təhlükəsinə qarşı hücumlarını gücləndirərək bu layihənin əsas hissələrinə və silah istehsalı üçün həyati əhəmiyyətli komponentlərinə ciddi ziyan vurmağa davam edir”, - məlumatda bildirilib.
Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.
Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd 3" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.