BAKI, AzerVoice
İsrail İrana qarşı zərbələrini davam etdirəcək.
AzerVoice xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar, Almaniyalı həmkarı Yoxann Vadeful ilə telefon danışığı zamanı bildirib.
Nazir, söhbət zamanı İsrail Müdafiə Ordusunun İranda apardığı əməliyyatın davam edəcəyini və hədəflərinə çatmaq üçün hələ də mühüm məqsədlərin olduğunu vurğulayıb.
“İran bilərəkdən İsrailin dinc əhalisini hədəfə alır ki, bu da beynəlxalq hüquqla tam şəkildə qadağandır” - deyə, Saar bildirib.
Nazirliyin məlumatına əsasən, İsrail isə yalnız "hərbi hədəflərə və İranın nüvə layihəsi ilə bağlı obyektlərə" zərbələr endirməyə fokuslanır.
O, eyni zamanda Almaniyaya İsrailin özünü müdafiə etmə haqqına verdiyi dəstəyə görə təşəkkür edib.
Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.
Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd 3" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.