Bakı. AzerVoice:
Avstraliya, Kanada və Yeni Zelandiyanın baş nazirləri, İsrailin Rəfah şəhərinə hücum etməsinin “fəlakət” olacağını bəyan edərək, Təl-Əvivi “bu yola getməməyə” çağırıblar.
AzerVoice-un məlumatına görə, Avstraliyanın baş naziri Entoni Albanese, Kanadanın baş naziri Castin Trüdo və Yeni Zelandiyanın baş naziri Kristofer Luxon İsrailin Rəfahda planlaşdırdığı hücumlarla bağlı birgə bəyanatda “ciddi narahatlıqlarını” ifadə ediblər.
Açıqlamada İsrailin Rəfaha hücum hazırlığı "fəlakət" olaraq qiymətləndirilir və aralarında çox sayda vətəndaşın da olduğu təxminən 1,5 milyon fələstinlinin bölgəyə sığındığı qeyd edilib.
Bəyanatda Qəzzada humanitar vəziyyətin ağır olduğu vurğulanıb və Fələstinli mülki şəxslərə qarşı uzunmüddətli hücumların nəticələrinin dağıdıcı olacağı barədə xəbərdarlıq edilib.
Eyni zamanda, bəyanatda “mülki əhalinin gedəcək başqa yeri olmadığı” ifadə edilib və İsrail hökumətinə beynəlxalq ictimaiyyəti və “dostlarını” dinləməyi tövsiyə edib.
Bəyanatda mülki şəxslərin qorunmasının hər şeydən vacib və beynəlxalq humanitar hüququn tələbi olduğuna diqqət çəkilərək, "Fələstinli mülki vətəndaşlar HƏMAS-ı məğlub etmənin əvəzini ödəməyə məcbur edilə bilməz" ifadəsi işlədilib.
Açıqlamada, qeyd olunub ki, israillilər və fələstinlilər üçün davamlı sülhü təmin etmək üçün bir yol tapmaq üçün ikitərəfli həll lazımdır.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 576 nəfərə çatıb.