BAKI, AzerVoice, Orxan Qədirzadə
Heydər Əliyev Fondu və İDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə keçiriləcək Art Weekend zamanı başlıca element seçilən su müxtəlif təqdimatların əsas mövzusu olacaq.
Belə təqdimatlardan biri də Daş Salnamə Muzeyində təşkil olunacaq. Beynəlxalq incəsənət dünyası ilə mənalı dialoqu təşviq edən Art Weekend çərçivəsində “Suyun sirri” pantomim tamaşası təqdim ediləcək. Tamaşa xüsusi olaraq “Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” incəsənət festivalı üçün hazırlanıb. Azərbaycanın Xalq artisti, pantomim aktyoru Pərviz Məmmədrzayevin müəllifi olduğu layihə insan və su arasındakı əbədi bağlılığı təsvir edir.
Pərviz Məmmədrzayevlə yanaşı layihəyə 7 aktyor cəlb edilib. Tamaşada insanların həyatın mənbəyi hesab olunan su axtarışları səhnələşdirilir. Tamaşanın premyerası noyabrın 1-də olacaq.
31 oktyabr - 2 noyabr tarixlərində paytaxtda keçiriləcək Art Weekend layihəsinin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevadır.
Layihənin məqsədi Bakını qlobal səviyyədə əks-səda yaradan, bir şəhər olaraq ənənə və müasirliyi birləşdirən, müxtəlif fikirləri bir araya gətirən və gələcək nəsillərə ilham verən mədəniyyət paytaxtı kimi təqdim etməkdir.