BAKI, AzerVoice
İstanbul Hava Limanı “Travel and Leisure” jurnalı tərəfindən “Dünyanın Ən Yaxşı Hava Limanı” adına layiq görülüb.
AzerVoice xəbər verir ki, ABŞ-da nəşr olunan və hər ay 16 milyondan çox oxucuya çatan “Travel and Leisure” jurnalının oxucuları arasında keçirilən illik sorğuya əsasən, İGA İstanbul Hava Limanı dünyanın ən yaxşı beynəlxalq hava limanı seçilib.
Mükafatlandırma mərasimi jurnalın qərargahı yerləşən Nyu-York şəhərində keçirilib. Təqdimatı jurnalın baş redaktoru Jacqueline Gifford edib, mükafatı isə İGA-nın Korporativ Kommunikasiyalar Direktoru Gökhan Şengül qəbul edib.
Şengül çıxışında bildirib ki, bu mükafat İstanbul Hava Limanının xidmət səviyyəsinin və türk mədəniyyətinin beynəlxalq miqyasda tanınmasının göstəricisidir: “Təkcə İGA deyil, İstanbul və ölkəmizin zəngin mədəni irsi də təmsil olunur. Bu bizim üçün qürurvericidir.”
Sözügedən sorğuda hava limanları əlçatanlıq, təhlükəsizlik, qida və içki, alış-veriş imkanları, dizayn və qeydiyyat proseslərinə görə qiymətləndirilib.
Qeyd edək ki, İstanbul Hava Limanı bu sorğuda ilk dəfə 2021-ci ildə iştirak edib və siyahıya daxil edilən ilk Türkiyə hava limanı olub. Bu il isə İGA, ardıcıl olaraq reytinqin lideri olub.
Siyahıya daha sonra Sinqapurun Changi, Qətərin Hamad, BƏƏ-nin Zayed və Dubay, Honq Konq, Finlandiyanın Helsinki-Vantaa, Yaponiyanın Haneda, Hindistanın Chhatrapati Shivaji Maharaj və Cənubi Koreyanın Seul İncheon hava limanları daxil edilib.