Əsas səhifə » Zəngəzur dəhlizi Hindistanı narahat edir – Türkiyə və Azərbaycanın təsiri artır

Zəngəzur dəhlizi Hindistanı narahat edir – Türkiyə və Azərbaycanın təsiri artır

BAKI,AzerVoice

Türkiyənin Zəngəzur dəhlizi vasitəsilə Türk dünyasına uzanan strateji xətt qurması Hindistan mediasında narahatlıqla qarşılanıb.

AzerVoice xəbər verir ki, Hindistan mətbuatı yazır ki, bu dəhliz İran, Hindistan və Ermənistanın Avropaya çıxış üçün yaratmağa çalışdığı yeni ticarət yolunu pozacaq.

Hindistan, İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda dəyişən güc balansını orta və uzunmüddətli perspektivdə özünün geosiyasi və geoiqtisadi maraqlarına təhdid kimi qiymətləndirir.

Bu kontekstdə ölkə son illərdə siyasi, diplomatik və hərbi istiqamətdə bir sıra reflekslər ortaya qoyub.

Son olaraq Hindistan mətbuatında Zəngəzur dəhlizi və onun regiona təsiri ilə bağlı təhlil dərc edilib. Təhlildə Hindistanla Ermənistan arasında 2020-ci ildən bəri mövcud olan hərbi əməkdaşlığa diqqət çəkilir və Azərbaycanın bu iki ölkə arasında silah ticarətindən narahat olduğu qeyd olunur.

Zəngəzur dəhlizinin Azərbaycanla Naxçıvan arasında quru bağlantısını təmin etməsi Hindistan tərəfindən ciddi etirazla qarşılanır. Təhlildə həmçinin qeyd edilir ki, Hindistan, İran və Ermənistan Çabahar limanı və Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC) vasitəsilə Avropaya çıxış əldə etmək məqsədilə alternativ ticarət marşrutu üzərində çalışır. Lakin Zəngəzur dəhlizi bu planlara mane ola bilər.

Hindistan mediası, Zəngəzur dəhlizi ilə Türkiyənin regiondakı təsirinin qat-qat artacağından narahatlığını açıq şəkildə ifadə edir.

Təhlildə bildirilir ki, Zəngəzur dəhlizi vasitəsilə Türkiyə birbaşa olaraq Azərbaycana, oradan isə İran, Xəzər dənizi və Orta Asiya ölkələrinə quru yol ilə bağlana biləcək.

Sonda vurğulanır ki, Türkiyə və Azərbaycan Cənubi Asiyada təsir dairələrini iddialı şəkildə genişləndirməkdədir.

Digər Kateqoriyalar

2025 © Azervoice