Əsas səhifə » Londonda İsrail səfirliyi İran şəbəkəsinin hədəfi olub – Böyük Britaniyada “anti-terror əməliyyatı”

Londonda İsrail səfirliyi İran şəbəkəsinin hədəfi olub – Böyük Britaniyada “anti-terror əməliyyatı”

Bakı, AzerVoice

Britaniya polisi tərəfindən son günlərdə həyata keçirilən əməliyyatların hədəfinin İsrailin Londondakı səfirliyi olduğu ortaya çıxıb. “The Times” və “BBC”nin istinad etdiyi mənbələrə görə, çoxşaxəli İran şəbəkəsi tərəfindən bu səfirliyə qarşı hücum planlaşdırılıb.

Əməliyyat çərçivəsində şənbə günü 5 iranlı saxlanılıb. Onlar terror aktı hazırlığında şübhəli bilinirlər. Britaniyanın daxili işlər naziri İvette Kuper bunu “son illərin ən böyük xarici mənşəli terrora qarşı əməliyyatı” adlandırıb.

Hədəf İsrail səfirliyidir, İran ittihamları rədd edir

Rəsmi London hələ səfirliyi açıq şəkildə “hədəf obyekt” kimi tanımasa da, “BBC” və “The Times” məlumatların “çox dəqiq” olduğunu qeyd edib. İran tərəfi isə ittihamları qətiyyətlə rədd edir və öz növbəsində istintaqda iştirak təklif edib.

İngiltərənin Təhlükəsizlik üzrə dövlət naziri Den Carvis parlamentdə çıxış edərək bildirib ki, ölkə üzrə yüzlərlə zabit bu çoxşaxəli şəbəkənin araşdırılması üzərində işləyir. Onun sözlərinə görə, bu hadisələr Britaniyada xarici dövlətlərlə əlaqəli ən böyük təhlükə dalğalarından biridir.

Təfərrüatlar və saxlanılan şəxslər

London polisinin Anti-terror bölməsinin rəhbəri Dominik Morfinin açıqlamasına görə, istintaq çox sürətlə aparılır. Hüquqi səbəblərdən bütün detalları paylaşa bilmədiklərini deyən Morfi, saxlanılanlardan iki nəfərin 29, biri 40, biri 24, digəri isə 46 yaşında olduğunu bildirib.

Şübhəlilərdən dördü hazırda Terrorizm Aktı çərçivəsində dindirilməkdə davam edir, beşinci şəxs isə may ayının sonuna qədər zaminə buraxılıb.

İstintaqla əlaqədar London, Mançester və Svindonda bir neçə ünvanlarda axtarışlar aparılıb. Polis ictimaiyyəti ehtiyatlı və ayıq-sayıq olmağa çağırıb.

Anti-terror komissarı Ruben Simkoks BBC Radio 4-ə açıqlamasında bildirib ki, Birləşmiş Krallıqda səfirliklərin hədəf alınması nadir haldır. Onun sözlərinə görə, İran həm də dini institutlar, televiziya kanalları, xeyriyyə fondları və təhsil qurumları vasitəsilə ölkədə təsir dairəsini genişləndirməyə çalışır.

İranın təklifi: “İstintaqda iştirak etməyə hazırıq”

İran xarici işlər naziri Abbas Əraqçi rəsmi “X” hesabında yazaraq, səfirliklə bağlı terror planlarında İran vətəndaşlarının iştirakına dair bütün iddiaları təkzib edib. O bildirib:

“İran bu tip fəaliyyətlərdə iştirakını qətiyyətlə rədd edir və bizə bu iddialarla bağlı heç bir rəsmi məlumat təqdim olunmayıb.”

Əraqçi əlavə edib ki, İran Böyük Britaniya ilə əməkdaşlıq etməyə və istintaqda kömək göstərməyə hazırdır. O, bəzi “üçüncü tərəflərin” diplomatik prosesləri pozmaq və gərginliyi artırmaq məqsədilə “saxta bayraq altında əməliyyatlara” əl atdığını da iddia edib.

Artan təhlükə və əvvəlki planlar

İngiltərə kəşfiyyat idarəsinin rəhbəri Ken Makallum 2024-cü ilin oktyabrında bildirmişdi ki, əgər Böyük Britaniya İsrailə dəstəyini davam etdirsə, İran bu ölkədəki hədəflərə qarşı hərəkətə keçə bilər.

Polisin məlumatına görə, 2022-ci ilin yanvarından bəri İranda mənşəli 20-dən çox sui-qəsd və oğurluq planı ifşa olunub, bu planların çoxu İran rejiminə müxalif şəxsləri və media qurumlarını hədəf alırdı.

Digər Kateqoriyalar

2025 © Azervoice