BAKI, AzerVoice
Türkiyənin ticarət naziri Ömər Bolat, 15–16 may tarixlərində ABŞ-a səfər edəcək.
AzerVoice xəbər verir ki, səfər çərçivəsində ABŞ-lı həmkarlarla əlavə gömrük rüsumları məsələsi müzakirə olunacaq, həmçinin Türk-Amerika İş Şurasının bu ilki toplantılarında iştirak ediləcək.
Nazir Bolat bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İstanbul ofisinin fəaliyyətinin daha 3 il uzadılmasına dair imzalanan qarşılıqlı anlaşma memorandumundan sonra açıqlama verib.
Bolat bildirib ki, Türkiyə İkinci Dünya Müharibəsindən sonra qurulan və mərkəzi Parisdə yerləşən OECD-in təsisçi üzvlərindən biridir və təşkilatla əməkdaşlıq aktiv şəkildə davam edir.
Nazirin sözlərinə görə, OECD son illərdə yalnız Qərb ölkələrinin deyil, inkişaf etməkdə olan ölkələrin də maraqlarını nəzərə alan, qlobal iqtisadi və ticarət problemlərinə birlikdə həll yolları axtaran açıq bir platformaya çevrilib. 2021-ci ildə isə OECD ilə əldə edilən razılaşma əsasında təşkilatın İstanbulda regional mərkəzi yaradılıb.
Bolat qeyd edib ki, İstanbulun nəqliyyat, turizm, ticarət, sənaye və xidmətlər sahəsində mərkəzə çevrilməsi OECD-nin burada fəaliyyətini daha da əhəmiyyətli edir.
Ticarət naziri əlavə edib ki, bu ayın sonunda Prezident Rəcəb Tayyib Ərdoğanın OECD üzvü olan İtaliyaya səfəri nəzərdə tutulur. Bundan əlavə, 7 mayda Böyük Britaniyada azad ticarət sazişi müzakirələri aparılacaq. 3–4 iyun tarixlərində isə Parisdə keçiriləcək OECD Ticarət Nazirləri Zirvə Toplantısında iştirak planlaşdırılır.