BAKI, AzerVoice
ABŞ-da aparılan genişmiqyaslı araşdırma demans riskinin yaşanılan əraziyə görə dəyişdiyini üzə çıxarıb.
AzerVoice xəbər verir ki,
San-Fransisko Kaliforniya Universitetinin (UCSF) mütəxəssisləri
tərəfindən aparılan və JAMA Neurology jurnalında dərc olunan
tədqiqatda 1,2 milyondan çox veteranın sağlamlıq məlumatları analiz
edilib.
Nəticələrə görə, demans riski ölkənin Cənub-Şərqi əyalətlərində – o
cümlədən Kentukki, Tennessi, Alabama və Missisipi ştatlarında –
Orta Atlantik bölgəsi ilə müqayisədə 25 faiz daha yüksəkdir.
Tədqiqatda Şimal-Qərb və Qayalı Dağ bölgələrində riskin 23 faiz, cənubda 18 faiz, cənub-qərbdə isə 13 faiz yüksək olduğu müəyyən olunub. Kaliforniya cənub-qərb bölgəsinə daxil edilib. Şimal-şərqdə də demans riski artmaqdadır, lakin bu fərq daha az – 7 faizlə məhdudlaşır.
Qeyd edək ki, kənd yerlərində səhiyyə xidmətlərinə çıxışın məhdudluğu və sosial-iqtisadi fərqlər bu regional uyğunsuzluqlarda əsas rol oynaya bilər. Tədqiqatçılar yaş, irq və ürək-damar xəstəlikləri kimi faktorları nəzərə alsalar da, bölgələr arasında fərq yenə də qalır.
“Bu tədqiqat regional fərqlərin başa düşülməsinin və yerli
səviyyədə profilaktik strategiyaların hazırlanmasının vacibliyini
göstərir.” - deyə UCSF Əhali Beyin Sağlamlığı Mərkəzinin direktoru
Dr. Kristine Yaffe bildirib.
Alimlər, eyni zamanda, demansın erkən diaqnozu üçün yeni yollar
üzərində çalışır. Universitetin apardığı başqa bir araşdırmada
onurğa beyni mayesində müəyyən zülalların mövcudluğu erkən demans
riskinin xəbərçisi ola biləcəyi göstərilib.
Demansın ən çox yayılan forması olan Alzheimer xəstəliyi hal-hazırda ABŞ-da 6,7 milyon nəfərə təsir edir. 2060-cı ilə qədər bu sayın ikiqat artacağı proqnozlaşdırılır. Hələ ki, xəstəliyin effektiv müalicəsi mövcud deyil.
Dr. Kristina Dintica qeyd edib ki, erkən həyat şəraiti, təhsilin keyfiyyəti və ətraf mühit faktorları bu fərqlərin formalaşmasında mühüm rol oynayır. Araşdırmanın məqsədi isə bu qeyri-bərabərliyin səbəblərini daha dərindən anlamaq və risk altındakı qruplar üçün daha məqsədyönlü müdaxilə proqramları hazırlamaqdır.