BAKI,AzerVoice
Cəlilabad rayonunda əmisi tərəfindən balta ilə xəsarət yetirilən 2012-ci il təvəllüdlü Hüseyn Musa oğlu Nağıyevin səhhəti ilə bağlı rəsmi məlumat yayılıb.
AzerVoice xəbər verir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yeniyetmənin müalicəsi hazırda reanimasiya şöbəsində davam etdirilir və vəziyyəti orta ağır qiymətləndirilir.
Xəstəxananın açıqlamasında bildirilib ki, fevralın 1-də saat 17:00 radələrində xəsarət alması səbəbilə xəstəxananın Təcili tibbi yardım şöbəsinə iki nəfər hospitalizasiya olunub. Onlardan biri – 2012-ci il təvəllüdlü oğlan uşağı reanimasiya şöbəsinə yerləşdirilib və həkimlərin nəzarəti altındadır.
Eyni hadisə zamanı xəsarət alan 2011-ci il təvəllüdlü qadın cinsli şəxsin isə aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, saat 20:05 radələrində vəfat etdiyi bildirilib.
Xatırladaq ki, hadisə Cəlilabad rayonunun Üçtəpə kəndində baş verib. Kənd sakini Əli Hüseynağa oğlu Nağıyev birgə yaşadıqları qardaşının iki övladına – Hüseyn Musa oğlu Nağıyevə və Həqiqət Musa qızı Nağıyevaya balta ilə xəsarətlər yetirib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.