Əsas səhifə » Qəzza əhalisindən Azərbaycana təşəkkür (VİDEO)

Qəzza əhalisindən Azərbaycana təşəkkür (VİDEO)

BAKI,AzerVoice

İllərdir blokada altında olan və humanitar böhranla üz-üzə qalan Qəzza zolağında su problemi həyatın davamı üçün ən ciddi təhdidlərdən birinə çevrilib. İsrailin hərbi hücumları və davam edən mühasirəsi bu problemi daha da dərinləşdirib.

İsrailin Qəzzaya qarşı həyata keçirdiyi hərbi əməliyyatlar zamanı tez-tez su xətləri, nasos stansiyaları, duzsuzlaşdırma qurğuları və tullantı sularını təmizləyən sistemlər hədəf alınır. Bu hücumlar nəticəsində su infrastrukturu ciddi şəkildə zədələnir və yüz minlərlə insan içməli sudan məhrum qalır. BMT və beynəlxalq hüquq mütəxəssisləri bu cür hədəfləri müharibə cinayəti kimi qiymətləndirir.

Qəzzada əhalinin 97%-i artıq içməli suya birbaşa çıxış imkanından məhrumdur. Əhalinin əksəriyyəti suyu ya pulla su daşıyıcılarından alır, ya da az sayda işlək vəziyyətdə qalan duzsuzlaşdırma stansiyalarından əldə etməyə çalışır. Ancaq elektrik çatışmazlığı və blokada bu sistemlərin də fasiləsiz işləməsinə imkan vermir.

İsrail regionun su mənbələrinin əksəriyyətini – o cümlədən Qəzzaya su axınını təmin edən akviferləri və su kanallarını – nəzarətdə saxlayır. Qəzzaya suyun axını ciddi şəkildə məhdudlaşdırılır və çox zaman siyasi təzyiq vasitəsi kimi istifadə olunur. Bu isə Fələstinlilər üçün sudan istifadə hüququnun kobud şəkildə pozulmasıdır.

Su çatışmazlığı nəticəsində gigiyenik şərait də kəskin şəkildə pisləşib. Tullantı suları təmizlənmədən birbaşa dənizə axıdılır, bu da suyun çirklənməsi və infeksion xəstəliklərin yayılması riskini artırır. Uşaqlar və yaşlılar arasında ishal, dəri xəstəlikləri və su yolu ilə keçən infeksiyalar ciddi artım göstərir.

BMT və beynəlxalq humanitar təşkilatlar dəfələrlə Qəzzadakı su böhranına diqqət çəkiblər. UNICEF bu vəziyyəti “uşaqlar üçün yaşayışa yararsız” kimi dəyərləndirib. Eyni zamanda, İsrailin su infrastrukturlarını hədəf alması beynəlxalq humanitar hüquqla ziddiyyət təşkil edir.

Bu çətin günlərdə insanlığa sahib çıxan Al Baraka Azerbaijan və azərbaycanlı xeyriyyəçilər Qəzza əhalisinə su təminatı üçün yardım edib.

Qeyd edək ki, daha öncə də Al Baraka Azerbaijan Qəzzada su təminatı üçün müxtəlif layihələr həyata keçirib.


Digər Kateqoriyalar

2025 © Azervoice