BAKI,AzerVoice
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliklə müəyyən edilmiş öhdəliklər barədə məlumatlılığının artırılması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir.
AzerVoice xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin İdarə rəisinin müavini Günel Bəhramqızı məlumat verib. Bildirilib ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rieltorlar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən şəxslər qanunvericiliklə müəyyən edilmiş hallarda öhdəlik daşıyan şəxslər hesab olunur və fəaliyyətlərini müvafiq tələblərə uyğun şəkildə təşkil etməlidirlər.
Qeyd olunub ki, qanunvericiliyə əsasən, öhdəlik daşıyan şəxslər tərəfindən daxili nəzarət sisteminin qurulması, müştərilərin eyniləşdirilməsi və verifikasiyası, institusional risklərin qiymətləndirilməsi, mürəkkəb və qeyri-adi əməliyyatların təhlili, şübhəli əməliyyatlar barədə qanunvericiliklə müəyyən edilmiş qaydada Maliyyə Monitorinqi Xidmətinə məlumatların təqdim edilməsi və digər zəruri tədbirlərin görülməsi təmin edilməlidir.
Məlumata görə, bu sahədə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. Qanunvericiliyin pozulması hallarında İnzibati Xətalar Məcəlləsinin 598-ci maddəsinə uyğun olaraq vəzifəli şəxslər 800 manatdan 1 500 manatadək, hüquqi şəxslər isə 8 000 manatdan 15 000 manatadək cərimə edilir.
Eyni zamanda vergi ödəyicilərinin düzgün məlumatlandırılması və risklərin azaldılması məqsədilə izahlı və metodiki materialların, eləcə də aktual normativ hüquqi aktların Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində mütəmadi olaraq yerləşdirildiyi vurğulanıb.
Dövlət Vergi Xidməti vergi ödəyicilərini pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin tələblərinə ciddi riayət etməyə və rəsmi mənbələrdə yayımlanan məlumatlardan mütəmadi istifadə etməyə çağırıb.