BAKI,AzerVoice, Orxan Qədirzadə
Noyabrın 5-də Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib.
AzerVoice xəbər verir ki, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev diqqətə çatdırıb ki, iclasın gündəliyinə 4 məsələ - “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri birinci oxunuşda daxil edilib.
Komitə sədri Musa Quliyev “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrini birlikdə müzakirəyə təqdim edib. O, bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il üçün gəlirləri 8 milyard 323 milyon manat təşkil edəcək. DSMF-nin 2026-cı il üçün nəzərdə tutulan xərcləri isə 8 milyard 483 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin göstəricisindən 807 milyon manat və ya 10,5% çoxdur.
Bildirilib ki, DSMF-nin ehtiyatından 2026-cı ilin xərclərinə yönəldilən vəsait 159 milyon 970 min manat təşkil edəcək. Fondun gəlirlərinin 6 mlrd. 591 milyon manatının, yaxud 79,2%-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına formalaşması nəzərdə tutulub. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 68%-i qeyri-büdcə sektorunun, 32%-i isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək.
Dövlət Sosial Müdafiə Fondunun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,6%-ni və ya 8,2 milyard manatını əhaliyə ödənişlər təşkil edəcək. Əmək pensiyalarının orta aylıq məbləğinin 2025-ci ildə 540 manat, 2026-cı ildə isə 590 manat olacağı proqnozlaşdırılır. Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 576 manatdan 53 manat artaraq 629 manata yüksəlməsi gözlənilir.
2026-cı ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 203,6 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 2,6%, yaxud 5,2 milyon manat çoxdur.
Komitə sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təqdim edilmiş qanun layihəsi ölkə qanunvericiliyinin tələblərinə uyğun hazırlanmaqla sosial və büdcə siyasətinin ümumi məqsədlərinə, Azərbaycan Respublikasının büdcə sisteminin vahidlik və müstəqillik prinsiplərinə müvafiqdir və gələn il şəhid ailələrinin, qazilərin, pensiya və müavinət alan bütün vətəndaşlarımızın sosial rifahının yaxşılaşması üçün etibarlı təminat yaradacaqdır.
Sonra komitə sədri “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsi barədə məlumat verib. O, bildirib ki, 2026-cı ildə fondun gəlirləri 238,3 milyon manat, fondun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsaitin həcmi isə 28,1 milyon manat nəzərdə tutulub. Gələn ildə işsizlikdən sığorta haqları üzrə yığımların 236,6 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq edilmiş müvafiq göstəricisindən 30,3 milyon manat çoxdur.
2026-cı ildə İşsizlikdən Sığorta Fondunun xərcləri 266,4 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da keçən illə müqayisədə 5,7 milyon manat çoxdur. Gələn il fondun xərclərinin 28 milyon manatı işsizliyə görə sığorta ödənişləri üçün nəzərdə tutulub. Bu, cari ildəkindən 11 milyon manat çoxdur. İSF-nin xərclərinin 77 milyon manatı, yaxud 29%-i özünüməşğulluq tədbirlərinin maliyyələşməsinə yönəldiləcək.
Sonra iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, ölkə başçısı tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də əhalinin sosial rifahının yaxşılaşdırılması, sosial müdafiənin gücləndirilməsi və nəticədə hər bir vətəndaşımıza layiqli həyat səviyyəsinin təmin edilməsidir. Qeyd olunub ki, ki, son 7 ildə Azərbaycanda 5 sosial islahat zərfi həyata keçirilmiş, bu islahatlar 4 milyon vətəndaşımızı əhatə etmiş, maliyyə tutumu isə illik əlavə olaraq 7,6 milyard manat təşkil etmişdir.
Cari ildə 5-ci sosial islahat zərfi çərçivəsində 1 yanvar tarixindən minimum əməkhaqqı 16%, 1 fevral tarixindən isə minimum pensiya 14,3% artırılıb. 1 yanvar tarixindən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb. Ümumilikdə 5-ci sosial islahat paketi 1,9 milyon vətəndaşımızı əhatə etmişdir. Cari ildə əhaliyə pensiya ödənişləri ötən illə müqayisədə 10%, pensiyaların orta məbləği isə 9% artırılmışdır.
Görülmüş işlərin məntiqi nəticəsi olaraq növbəti ildə dövlət büdcəsində sosialyönlü xərclər 2025-ci illə müqayisədə 236 milyon manat çox olmaqla 17 milyard 146 milyon manat təşkil edir. Sosialyönlü xərclərin Dövlət büdcəsində xüsusi çəkisinin 41,1% olması nəzərdə tutulur. Bununla yanaşı, 2026-cı ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 873 milyon manat həcmində olması proqnozlaşdırılır. Bu göstərici 2025-ci ilin proqnoz edilən göstəricisindən 121,2 milyon manat və ya 2,6% çoxdur.
Nazir qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üçün gəlirlərinin 79,2%-nin və ya 6,6 milyard manatının məcburi dövlət sosial sığorta daxilolmaları üzrə formalaşacağı proqnozlaşdırılır. Bu isə cari ilin müvafiq göstəricisindən 593,7 milyon manat və ya 10% çoxdur.
Ümumilikdə, 2025-ci ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2026-cı il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 3,6% və ya 73,4 milyon manat, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 13,1% və ya 520,3 milyon manat artımla nəzərdə tutulub.
2026-cı ildə fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 700 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da 2025-ci il üzrə təsdiqlənmiş transfert məbləğindən 100 milyon manat və ya 6,3% çoxdur. Bildirilib ki, dövlət büdcəsindən transfertin DSMF-nin gəlirlərindəki payının 2026-cı ildə 20,4%-ə düşməsi proqnozlaşdırılır.
Fondun 2026-cı il üzrə ümumi xərclərinin 96,6%-i və ya 8 milyard 196 milyon manatı əhaliyə ödənişlərin payına düşür. Bu göstərici 2025-ci illə müqayisədə isə 788 milyon manat çoxdur. Bu məbləğin 7 milyard 993 milyon manatı əmək pensiyalarının, 203,6 milyon manatı isə sosial sığorta hesabına verilən müavinət xərclərinin payına düşür. 2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9% artımla nəzərdə tutulub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev İşsizlikdən Sığorta Fondunun 2026-cı il üçün büdcəsi barədə deyib ki, fondun gəlirlərinin 236,6 milyon manatı, yaxud 99,3%-i işsizlikdən sığorta haqları üzrə yığım hesabına formalaşacaq ki, bu da 2025-ci ilin təsdiq edilmiş müvafiq göstəricisindən 30,3 milyon manat və ya 15% çoxdur. Büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 51,9 milyon manat, qeyri-büdcə təşkilatları üzrə isə 184,7 milyon manat proqnozlaşdırılır. Sığorta haqları üzrə yığımın 78%-i qeyri-büdcə sektorunun payına düşəcək.
Fondun 2026-cı il üzrə xərclərinin 77 milyon manatı özünüməşğulluq proqramının təşkilinə, 26 milyon manatı peşə hazırlığının və əlavə təhsilin təşkilinə, 28 milyon manatı işsizliyə görə sığorta ödənişlərinə, 1,5 milyon manatı peşəyönümlü məsləhət xidmətlərinin göstərilməsinə, 3,7 milyon manatı haqqı ödənilən ictimai işlərin təşkilinə, 1 milyon manatı peşə standartlarının hazırlanmasına, 6 milyon manatı sosial iş yerlərində əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsinə, 2 milyon manatı sosial müəssisələrin yaradılmasına və məqsədli proqramların həyata keçirilməsinə, 1 milyon manatı isə digər aktiv məşğulluq tədbirlərinə yönəldiləcək. Ümumilikdə, 2026-cı ildə İSF-in vəsaiti hesabına 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir.
Anar Əliyev çıxışının sonunda dövlət büdcəsindən növbəti il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan vəsaitlərin həcmi və strukturu barədə də məlumat verib.
İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2026-cı il üzrə dövlət büdcələri layihələri barədə Palatanın rəylərini təqdim edib.
O, bildirib ki, rəylər üç əsas istiqamət üzrə qruplaşdırılıb. Birinci istiqamət fondun büdcəsinin proqnozlaşdırılması ilə bağlıdır və burada əsas makroiqtisadi parametrlər, təsiredici amillərin dinamikası və ölkənin sosial-iqtisadi vəziyyəti nəzərə alınıb. O, ikinci istiqamətin fondun gəlirləri ilə bağlı olduğunu söyləyərək, əsas gəlir mənbəyinin sosial sığorta haqlarından daxilolmaların təşkil etdiyini vurğulayıb. Üçüncü istiqamət isə fondun xərclərini əhatə edir və qeyd olunub ki, bu xərclərin əsas hissəsini əhaliyə ödənişlər təşkil edir. Vüqar Gülməmmədov əlavə edib ki, DSMF və İSF büdcə layihələri müvafiq qanunvericiliyin tələblərinə uyğun hazırlanıb. Rəydə fondların gəlir və xərclərinin təhlili aparılıb, pensiya təminatı sisteminin dayanıqlığı ilə bağlı qeydlər və Palatanın müvafiq tövsiyələri öz əksini tapıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası maliyyə nazirinin müavini Himalay Məmişov bildirib ki, gələn il büdcə xərclərinin 68%-dən çoxu sosialyönümlü sahələrə yönəldiləcək. 2026-cı ildə sosial müdafiə və sosial təminat xərcləri 4,9 milyard manat təşkil edəcək, bu da əvvəlki ilə nisbətən 2,6% çoxdur.
Qeyd olunub ki, sosial sahə 2026-cı ildə dövlət büdcəsinin əsas prioritet istiqamətlərindən biridir. Növbəti il üçün cari xərclərin 68,1%-i sosialyönlü məqsədlərə yönəldiləcək. Ümumilikdə, sosialyönlü xərclərin həcmi 17,1 milyard manat təşkil edəcək ki, bu da dövlət büdcəsi xərclərinin 41,1%-nə bərabərdir. Göstərici 2025-ci illə müqayisədə 213 milyon manat artım deməkdir. Bu xərclərin 89,7%-i, yəni 15,4 milyard manatı əməkhaqqı və sosial təminat ödənişlərinə ayrılacaq. Qeyd olunub ki, son beş ildə bu istiqamətdəki xərclər 4,4 milyard manat və ya 39,6% artıb.
İclasda çıxış edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim edilən qanun layihələri barədə fikirlərini açıqlayaraq, rəhbərlik etdiyi komitə tərəfindən DSMF və İSF-nin büdcə layihələrinin dəstəkləndiyini söyləyib. Komitə sədri Azərbaycanda dövlət siyasətinin iqtisadi siyasətlə sosial siyasətin uzlaşdırılmasına əsaslandığını və bunun ölkə Prezidenti tərəfindən qeyd edilən əsas prinsiplərdən biri olduğunu vurğulayıb. O, sosial xərclərin artırılmasında rasional iqtisadi siyasət, o cümlədən makroiqtisadi sabitlik və maliyyə dayanıqlığının önəmli amillər olduğunu və bu baxımdan makroiqtisadi sabitliyin, iqtisadi artımın təmin edilməsinin iqtisadi siyasətin əsas hədəfləri olaraq müəyyən edildiyini bildirib.
Komitə sədri büdcədənkənar fondların, o cümlədən DSMF-nin və İSF-nin həm də dövlət büdcəsi ilə bilavasitə bağlı olduğunu deyib. Həm büdcə siyasətində, həm vergi siyasətində edilən dəyişikliklərin DSMF və İSF-in gəlir və xərclərinə təsir göstərdiyini söyləyib. Komitə sədri Dövlət Sosial Müdafiə Fondunun dayanıqlığının təmin edilməsinin, dövlət pensiya təminatı sisteminin gücləndirilməsinin vacibliyindən danışıb. O, vurğulayıb ki, həm DSMF, həm də İSF artan dinamikaya malikdir və bu, ölkəmizdə iqtisadi inkişafın nəticəsidir.
İclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsini təqdim edərkən bildirib ki, sənədə əsasən, 2026-ci il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat məbləğində müəyyən edilib.
Komitə sədri “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi barədə bildirib ki, layihədə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində müəyyən olunub.
Sonra tədbirdə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxış edib. O, son illər ərzində Azərbaycan iqtisadiyyatında dinamik artımın müşahidə edildiyini, 2025-ci ildə ÜDM-in gözlənilən artımının qeyri neft-qaz sektoru hesabına təmin ediləcəyini, orta müddətli dövr üçün də qeyri neft-qaz sektoru və onun sahələri üzrə davamlı inkişafın proqnozlaşdırıldığını qeyd edib. ÜDM-in növbəti ildə 2,9%, 2026-2029-cu illərdə orta hesabla 3,5%, qeyri neft-qaz ÜDM-in növbəti ildə və ortamüddətli dövrdə 5% artacağının proqnozlaşdırıldığını nəzərə çatdırıb.
Nazir müavini qeyd edib ki, “Yaşayış minimumu haqqında” Qanunun 4-cü maddəsinə müvafiq olaraq, təkliflər irəli sürülərək “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsi hazırlanıb. O, bildirib ki, əmək qabiliyyətli əhali üçün, pensiyaçılar üçün və uşaqlar üçün yaşayış minimumunun dəyəri proqnozlaşdırılarkən Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilən göstəricilər cari və növbəti illər üçün gözlənilən inflyasiya göstəriciləri ilə uyğunlaşdırılmaqla hesablanıb.
Daha sonra Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov müzakirə olunan məsələlərlə əlaqədar təmsil etdiyi qurumun mövqeyini açıqlayıb. O, yaşayış minimumunun tərkibi üzrə Dövlət Statistika Komitəsi tərəfindən məlumatların təqdim edildiyini deyib, həm cari il üçün hesablanmış proqnoz göstəricisinin, həm də növbəti il üçün olan göstəricilərin komitənin məlumatı ilə uyğunluq təşkil etdiyini bildirib.
Qanun layihələrinin müzakirəsində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov, Əmək və sosial siyasət komitəsi sədrinin müavini Elşad Musayev, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, deputatlar - Əlibala Məhərrəmzadə, Vüqar Bayramov, Müşfiq Cəfərov, Rövşən Muradov, Əli Məsimli, Soltan Məmmədov çıxış ediblər, növbəti ilin dövlət büdcəsi layihəsi ilə bağlı fikirlərini açıqlayıblar.
Komitələrin birgə iclasında gündəlikdəki 4 qanun layihəsinin hər biri birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda Milli Məclisin deputatları Bədəl Bədəlov, Sevinc Hüseynova, Göydəniz Qəhrəmanov, Nigar Məmmədova, Səttar Möhbalıyev, Ziyad Səmədzadə, Heydər Əsədov, Aydın Hüseynov, Məşhur Məmmədov, Tahir Mirkişili, Zaur Şükürov, Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.