BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin son rübündə Türkiyədə işsizlik səviyyəsi azalma nümayiş etdirib.
AzerVoice xəbər verir ki, Türkiyə Statistika Qurumunun açıqladığı 2025-ci ilin oktyabr-dekabr aylarını əhatə edən məlumatlara əsasən, işsizlik səviyyəsi əvvəlki rüblə müqayisədə 0,2 faiz azalaraq 8,2 faiz təşkil edib. Beləliklə, işsizlik göstəricisi ardıcıl olaraq 12 rübdür birrəqəmli səviyyədə qalıb.
Məlumata görə, 15 və yuxarı yaşda olan əhali arasında mövsümi təsirlərdən təmizlənmiş işsizlərin sayı 58 min nəfər azalaraq 2 milyon 913 min nəfərə enib. İşsizlik səviyyəsi illik müqayisədə də 0,3 faiz bəndi azalıb.
Kişilər arasında işsizlik 6,7 faiz, qadınlar arasında isə 11,1 faiz səviyyəsində qeydə alınıb.
Eyni dövrdə 15-24 yaş qrupunu əhatə edən gənclər arasında işsizlik səviyyəsi 0,3 faiz bəndi azalaraq 14,9 faiz olub. Bu göstərici kişilər arasında 11,8 faiz, qadınlar arasında isə 20,7 faiz təşkil edib.