BAKI, AzerVoice, Orxan Qədirzadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada serbiyalı həmkarı Aleksandr Vuçiç ilə keçirdiyi mətbuat konfransında Türkiyənin Balkan regionuna verdiyi önəmi bir daha diqqətə çatdırıb.
AzerVoice xəbər verir ki, dövlət başçısı Türkiyənin regionda sülh və sabitliyin qarantı rolunda çıxış etməyə davam edəcəyini vurğulayıb.
Ərdoğan Türkiyə və Serbiya arasındakı münasibətləri "qızıl dövr" kimi xarakterizə edərək, iqtisadi göstəricilərin bu dostluğun ən bariz nümunəsi olduğunu qeyd edib.
Prezident çıxışında iki ölkə arasındakı artan iqtisadi dinamikanı aşağıdakı rəqəmlərlə ifadə edib:
Ötən il iki ölkə arasında ticarət həcmi 3,5 milyard dollara çatıb. Növbəti hədəf isə 5 milyard dollardır.
2015-ci ildə Serbiyada cəmi 100 Türk şirkəti var idisə, bu gün bu rəqəm 1500-ü keçib. Ümumi investisiya həcmi isə 300 milyon dolları ötüb.
Türkiyə serbiyalı turistlər üçün 2-ci əsas istiqamətdir. Eyni zamanda, Serbiyanı ziyarət edən xarici turistlər arasında Türkiyə vətəndaşları birinci pillədə qərarlaşıb.
Ərdoğan dünyada artan qeyri-müəyyənlik fonunda Türkiyənin Balkanlarda sabitliyi qorumaq üçün bütün imkanlarını səfərbər etdiyini bildirib."Biz Balkanları heç vaxt unutmuruq və regionda rifahın güclənməsi üçün var gücümüzlə çalışırıq"-Ərdoğan deyib.
Aleksandr Vuçiç isə öz növbəsində Türkiyəni "son dərəcə mühüm tərəfdaş" adlandırıb və Ərdoğanın Balkan Sülh Platforması təşəbbüsünü tam dəstəklədiyini bəyan edib.