BAKI, AzerVoice, Orxan Qədirzadə
Banqladeşdə parlament seçkiləri və siyasi islahatlarla bağlı referendumda səsvermə prosesi yekunlaşıb və hazırda səslərin sayılması prosesi davam edir. Bu seçkilər ölkə tarixində mühüm mərhələ hesab olunur və əsas mübarizə iki böyük qüvvə arasında gedir.
AzerVoice xəbər verir ki, əsas rəqabət Tariq Rəhmanın rəhbərlik etdiyi Banqladeş Milliyyətçi Partiyası (BNP) ilə Şəfiqur Rəhmanın başçılıq etdiyi 11 partiyalı koalisiya arasındadır. Rəy sorğuları Tariq Rəhmanın baş nazir postu üçün favorit olduğunu göstərsə də, tərkibində 2024-cü il üsyanının tələbə liderləri tərəfindən yaradılmış Milli Vətəndaş Partiyasının (NCP) da yer aldığı "Camaat-e-İslami" alyansının gözlənilməz nəticə göstərə biləcəyi istisna edilmir.
Məlumat üçün bildirək ki, Banqladeş parlamenti 350 deputatdan ibarətdir. Onların 300-ü birbaşa seçki dairələrindən seçilir, 50 yer isə qadınlar üçün ayrılıb. Namizədlərdən birinin vəfatı səbəbindən bu gün 299 dairə üzrə səsvermə keçirilib.
Seçkilərlə yanaşı, ölkədə mühüm siyasi islahatlar üzrə referendum da baş tutub. Referendumda baş nazirin səlahiyyət müddətinə limit qoyulması, icra hakimiyyəti üzərində nəzarətin gücləndirilməsi və parlament gücünün təmərküzləşməsinin qarşısını alan qoruyucu mexanizmlərin yaradılması kimi məsələlər səsə qoyulub.