BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həyata keçirilən layihələrlə Türkiyənin həm bölgədə, həm də dünyada seçkin bir mövqeyə yüksəldiyini bəyan edib.
AzerVoice xəbər verir ki, Ankara Esenboğa Hava Limanında yeni obyektlərin açılış mərasimində çıxış edən dövlət başçısı Türkiyənin artıq nə deyəcəyi və necə mövqe tutacağı maraqla gözlənilən bir ölkəyə çevrildiyini vurğulayıb. Ərdoğan son 23 ildə əsər və xidmət siyasətindən güzəştə getmədiklərini, səhiyyədən xarici siyasətə, təhsildən nəqliyyata qədər hər sahədə nəhəng investisiyalara imza atdıqlarını diqqətə çatdırıb. O Türkiyənin artıq digər ölkələri təqib edən deyil, özü təqib edilən bir güc mərkəzi olduğunu bildirib.
Prezident Ərdoğan aviasiya sahəsindəki uğurlardan danışarkən Türkiyənin 4 saatlıq uçuş məsafəsi ilə 67 ölkənin mərkəzində yerləşdiyini xatırladıb. O 2002-ci ildə cəmi 26 olan aktiv hava limanı sayının bu gün 58-ə çatdığını və tezliklə bu rəqəmin 60 olacağını qeyd edib. Dövlət başçısı Esenboğa Hava Limanının illik sərnişin tutumunun 20 milyondan 30 milyona yüksəldiləcəyini və bu layihənin dövlət büdcəsindən heç bir vəsait xərclənmədən, dövlət-özəl tərəfdaşlığı modeli ilə reallaşdırıldığını vurğulayıb.