BAKI, AzerVoice, Nailə Babazadə
İran və Azərbaycan Respublikası Astara sərhəd keçidində koordinasiyanı gücləndirərək, yük maşınlarının hərəkətini sürətləndirmək və artırmaq barədə razılığa gəliblər. Xüsusi diqqət tez xarab olan məhsulların daşınmasına yönəldiləcək.
AzerVoice xəbər verir ki, İranın Azərbaycandakı səfiri Möctəbə Damirçilu sərhədi ziyarət edərək trafik vəziyyətini yoxlayıb və hər iki ölkənin rəsmiləri ilə ayrı-ayrılıqda görüşlər keçirib. Görüşlər zamanı yük maşınlarının tranzitinin sürətləndirilməsi və asanlaşdırılması, ticarət yükünün həcminin artırılması və gözləmə müddətlərinin azaldılması barədə razılıq əldə olunub.
Damirçilu xüsusilə tez xarab olan məhsulların daşınmasının asanlaşdırılmasının vacibliyini vurğulayıb və mövcud sıxıntıların aradan qaldırılması üçün sıx koordinasiyanın önəmini qeyd edib.
Statistikaya görə, soyuq aylarda Astara sərhədindən keçmək istəyən yük maşınlarının sayı kəskin artıb. Bu dövr İranın kənd təsərrüfatı ixracının pik mövsümünə və kivi ixracının başlanğıcına təsadüf edir.
Astara port şəhəri həm İranın müxtəlif bölgələrindən gələn, həm də Azərbaycan və Rusiya istiqamətinə gedən və ya onlardan gələn yük maşınlarını qəbul edir və strateji əhəmiyyət daşıyır.