BAKI,AzerVoice, Fərid Mikayılov
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, FETÖ terror təşkilatına qarşı ölkə üzrə keçirilən əməliyyatlar nəticəsində 56 şübhəlinin saxlanıldığını, onlardan 50 nəfərin məhkəmənin qərarı ilə həbs olunduğunu açıqlayıb.
AzerVoice xəbər verir ki, Yerlikayanın sözlərinə görə, Ankara, İstanbul, İzmir də daxil olmaqla 31 şəhərdə jandarma qüvvələri tərəfindən həyata keçirilən əməliyyatlar Respublika Baş Prokurorluqları və Jandarmanın Terrorla Mübarizə İdarəsinin (TEM) koordinasiyası ilə icra edilib.
Son iki həftə ərzində aparılan əməliyyatlar zamanı saxlanılan şəxslərdən üçünə məhkəmə tərəfindən nəzarət tədbiri tətbiq edilib, qalan üç nəfər barəsində isə hüquqi proseslər davam edir.
Nazir bildirib ki, saxlanılan şəxslərin təşkilatın “güncəl strukturu”nda fəaliyyət göstərdiyi, qapalı rabitə üsulu kimi tanınan ankesörlü telefonlar vasitəsilə FETÖ rəhbərliyi ilə əlaqə saxladıqları müəyyən edilib. Həmçinin onların təşkilatla əlaqəli yardım qurumlarına maliyyə dəstəyi göstərdiyi və sosial şəbəkələr üzərindən təbliğat fəaliyyəti apardıqları da sübut olunub.
“Millətimizin birliyinə, dövlətimizin bütövlüyünə və vətəndaşlarımızın təhlükəsizliyinə qarşı fəaliyyət göstərənlərə qarşı mübarizəmiz qətiyyətlə davam edir. Əməliyyatlarda iştirak edən bütün əməkdaşları təbrik edirəm”- deyə Yerlikaya bildirib.