BAKI,AzerVoice, Fərid Mikayılov
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Trampın Ağ Ev görüşü öncəsi mühüm enerji razılaşmasının imzalandığını açıqlayıb.
AzerVoice xəbər verir ki, Türkiyənin enerji şirkəti BOTAŞ, dünyanın aparıcı enerji qruplarından Mercuria ilə 20 illik uzunmüddətli LNG tədarük müqaviləsi imzalayıb.
Razılaşmaya əsasən, 2026-cı ildən başlayaraq hər il təxminən 4 milyard kubmetr, ümumilikdə isə 70 milyard kubmetr təbii qaz ekvivalenti LNG Türkiyəyə gətiriləcək. LNG həm ABŞ-dakı yükləmə terminallarından, həm də Türkiyə, Avropa və Şimali Afrikadakı qazlaşdırma mərkəzlərindən təhvil veriləcək.
Bayraktar, sazişin yalnız BOTAŞ-ın qlobal LNG ticarətində mövqeyini gücləndirmədiyini, eyni zamanda Türkiyənin uzunmüddətli enerji təhlükəsizliyi, qiymət sabitliyi və mənbə müxtəlifliyi baxımından da əhəmiyyət daşıdığını bildirib.
“BOTAŞ-ın qlobal LNG bazarındakı rolunu artıran bu razılaşma, ölkəmizin enerji vizyonuna böyük töhfə verəcək. Müqavilənin Türkiyəmizə və bütün tərəflərə xeyirli olmasını arzulayıram”- deyə nazir bildirib.