BAKI, AzerVoice, Zeynəb Raminqızı
Regiona kənar müdaxilənin olmaması ilə bağlı Ermənistan İranı arxayın edib.
AzerVoice-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran Cənubi Qafqaz üzrə mövqeyini bəyan edib və bildirib ki, regiondan kənar qüvvələrin Cənubi Qafqaza müdaxiləsinə həssasdır. Bu məsələ dərhal Ermənistana elan edilib. Ermənistan tərəfi İran tərəfinə vəziyyəti izah edib və İranı arxayın edib ki, ABŞ şirkətləri ilə şəriklik Ermənistanda ölkə qanunlarına əsasən qeydiyyatdan keçən və həmin əsasda fəaliyyət göstərən formada olacaq.
Bəqai deyib ki, Azərbaycan və Ermənistan arasında imzalanan saziş razılaşmasının mətnində suverenlik, ərazi bütövlüyü, sərhədlərin pozulmaması qeyd olunub. İran üçün önəmli olan budur ki, Ermənistanın cənubundan keçəcək və Azərbaycanı Naxçıvan Muxtar Respublikasına birləşdirəcək əlaqə yolları, o cümlədən, dəmiryolu tanınmış beynəlxalq sərhədlərə heç bir zərbə vurmayacaq.