BAKI, AzerVoice
İran İslam Respublikası qonşu ölkələrlə əlaqələri gücləndirmək və regional dəmir yolu şəbəkəsini inkişaf etdirmək məqsədilə üç yeni beynəlxalq sərnişin marşrutunun istifadəyə verilməsinə hazırlaşır.
AzerVoice xəbər verir ki, bu barədə İran Milli Dəmir Yolları Şirkətinin (RAJA) baş direktoru və Nəqliyyat və Şəhərsalma naziri müavini Cəbbər Əli Zəkəri açıqlama verib.
Sözügedən yeni dəmir yolu marşrutları İranı Türkiyə, Əfqanıstan və Türkmənistanla birləşdirəcək. Hər üç layihə hazırda texniki və inzibati hazırlıq mərhələsindədir.
Zəkəri bildirib ki, Tehran ilə Ankara arasında planlaşdırılan sərnişin qatarı marşrutu artıq fəaliyyət göstərən Tehran–Van xəttinin davamı kimi nəzərdə tutulur. Hazırda İran və Türkiyə nümayəndələri arasında bilet tarifləri və maliyyə mexanizmləri ilə bağlı danışıqlar aparılır. Yeni xətt üzrə sərnişin daşımalarının qarşıdakı iki ay ərzində başlaması planlaşdırılır.
İkinci marşrut İranın Tehran və Məşhəd şəhərlərini Əfqanıstanın Herat bölgəsi ilə birləşdirəcək. Zəkərinin sözlərinə görə, sərnişin sənədləri və sərhəd keçid prosedurları ilə bağlı məsələlər həll olunduqdan sonra bu xətt üzrə dəmir yolu daşımaları mərhələli şəkildə başlanacaq.
İlkin mərhələdə xətt Herat yaxınlığındakı Rozanak yaşayış məntəqəsinədək uzanacaq. Daha sonra, iranlı podratçılar tərəfindən inşası davam etdirilən 70 kilometrlik hissənin tamamlanması ilə marşrut Herat şəhərinədək genişləndiriləcək.
Üçüncü layihə Məşhəd şəhərindən Türkmənistanın Məry şəhərinə sərnişin daşımalarını nəzərdə tutur. RAJA-nın planlarına əsasən, bu marşrut İranın Mərkəzi Asiya ölkələri ilə iqtisadi və ticarət əlaqələrini gücləndirəcək.
Layihə tam gücü ilə reallaşdırıldıqdan sonra xətt Özbəkistan və Tacikistan istiqamətində də dəmir yolu bağlantısını təmin edə bilər.