BAKI, AzerVoice
Türkiyə Böyük Millət Məclisində (TBMM) “Terrorsuz Türkiyə” hədəfi çərçivəsində yeni komissiyanın yaradılması üçün hazırlıqlar başlayıb.
AzerVoice xəbər verir ki, TBMM rəhbərliyi siyasi partiyalara rəsmi məktub ünvanlayaraq, komissiyada təmsil olunacaq üzvlərin adlarını təqdim etmələrini istəyib.
Komissiyada partiyalar parlamentdəki yer bölgüsünə uyğun şəkildə təmsil olunacaqlar. Məclis sədri Numan Kurtulmuşun imzası ilə AK Parti, CHP, DEM Parti, MHP, İYİ Parti və Yeni Yol Partiyası qruplarına, eləcə də HÜDA PAR, Yenidən Rifah Partiyası, Türkiyə İşçi Partiyası (TİP), EMEP, DSP və Demokrat Partiyasına göndərilən rəsmi müraciətdə komissiyanın TBMM çərçivəsində qurulacağı qeyd olunub.
Yeni yaradılacaq komissiya ümumilikdə 51 üzvdən ibarət olacaq. Rəsmi yazıya əsasən, AK Parti 21, CHP 10, DEM Parti və MHP hərəsi 4, İYİ Parti və Yeni Yol Partiyası isə hərəsi 3 deputatla komissiyada iştirak edəcək. HÜDA PAR, Yenidən Rifah Partiyası, TİP, EMEP, DSP və DP isə komissiyaya 1 nəfər təmsilçi göndərəcək.
Partiyalardan nümayəndə siyahısının 31 iyul cümə axşamı gününədək TBMM sədrliyinə təqdim edilməsi tələb olunub. Yeni komissiyanın fəaliyyəti ilə Türkiyədə terrora qarşı parlament səviyyəsində daha koordinasiyalı mübarizə aparılması hədəflənir.