Əsas səhifə » İzmirdə avtomobil yolu güclü yanğın səbəbindən bağlanıb

İzmirdə avtomobil yolu güclü yanğın səbəbindən bağlanıb

BAKI, AzerVoice

İzmirin Çeşmə və Ödəmiş bölgələrində genişmiqyaslı meşə yanğınları baş verib.

AzerVoice xəbər verir ki, İzmirin Çeşmə rayonunda əkin sahəsində başlayan yanğın güclü küləyin təsiri ilə meşəlik əraziyə yayılıb.

Alovun İzmir–Çeşmə avtomobil yoluna çatması səbəbilə yol hər iki istiqamətdə nəqliyyat üçün bağlanıb. Təhlükə səbəbindən Çeşmənin İldır, Germiyan, Urla mahalının Nohutalan, eləcə də Ödəmişin Tosunlar və Sucıktı məhəllələri boşaldılıb.

Yanğının qarşısını almaq üçün bölgəyə 6 təyyarə, 20 helikopter, 39 su maşını, 14 su təchizatı maşını və 4 buldozer cəlb olunub. Həmçinin TOMA vasitələri və jandarma qüvvələri də söndürmə əməliyyatlarında iştirak edir.

İzmir valisi Süleyman Elban bildirib ki, yanğın elektrik xəttindən başlamış ola bilər. Onun sözlərinə görə, güclü külək (saatda 85 km) yanğının sürətlə genişlənməsinə səbəb olub və 783 nəfərlik şəxsi heyət səfərbər olunub.

Hal-hazırda yanğın nəzarət altına alınmayıb. Rəsmi məlumatlara görə, xəsarət alan yoxdur. Yerli hakimiyyət yaşayış ərazilərinin birbaşa təhlükədə olmadığını bildirsə də, ehtiyat tədbiri olaraq bir neçə sayt və ev boşaldılıb.

Qeyd edək ki, Ödəmişdə də naməlum səbəbdən baş verən meşə yanğını Sucıktı və Tosunlar məhəllələrinə yayılıb. Sakinlər qısa zamanda təxliyə olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice