BAKI,AzerVoice
Türkiyənin Eskişehir vilayətinin Sivrihisar ilçəsindən havaya qalxan və M20J tipli təkmotorlu mülki təyyarə Rizə-Bayburt-Ərzurum sərhədlərində qəzaya uğrayıb. AzerVoice xəbər verir ki, təyyarənin pilotu Mehmet Demirci hadisə nəticəsində həyatını itirib, sərnişin Hicran Kaya isə sağ tapılıb.
İlkin məlumata görə, təyyarə dağa çırpılıb. Qəza sonrası Hicran Kaya yardım çağırışı edərək “Təyyarəmiz dağa çarptı. Harada olduğumuzu bilmirəm. Yardım edin, ölürük!” sözləri ilə həyati təhlükədə olduqlarını bildirib. Onun çağırışı əsasında dərhal axtarış-xilasetmə işlərinə başlanılıb.
Axtarışlara ətraf bölgələrdən AFAD (Fövqəladə Hallar İdarəsi) komandaları və bir hərbi helikopter də cəlb olunub. Təyyarənin qalıqları Jandarma Axtarış-Qurtarma (JAK) qrupları tərəfindən Rizə-Bayburt sərhədi yaxınlığında tapılıb.
Məlumata görə, 2008-ci ildən etibarən aktiv pilotluq fəaliyyəti ilə məşğul olan Mehmet Demirci, təkbaşına dünya turuna çıxmış və Rizədə Hicran Kaya adlı sərnişini aparmaq üçün qısa müddətli dayanmışdı. Onun planı Kayanı Rizədə endirdikdən sonra dünya səyahətinə davam etmək idi.