Əsas səhifə » Türkiyə Maarif Vəqfi Türkmənistanda fəaliyyətə başlaya bilər

Türkiyə Maarif Vəqfi Türkmənistanda fəaliyyətə başlaya bilər

BAKI, AzerVoice

“Türkmənistanın yanında olmağa davam edəcəyik”.

AzerVoice xəbər verir ki, Türkiyənin milli təhsil naziri Yusuf Tekin Türkmənistana səfəri çərçivəsində bu ölkənin yüksək vəzifəli rəsmiləri ilə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə mühüm görüşlər keçirib.

Tekin Nazirlər Şurasının sədr müavini Bayramgül Orazdurdıyeva və təhsil naziri Qurbangeldiyev Cumamirat Şamyradoviç ilə görüşündə Türkiyənin Türkmənistanla olan tarixi dostluğuna və təhsil sahəsində əməkdaşlığın strateji əhəmiyyətinə diqqət çəkib. O bildirib ki, Türkmənistanı tanıyan ilk dövlət olaraq Türkiyə bu münasibətləri davamlı inkişaf etdirmək niyyətindədir.

Nazirin səfəri fevral ayında Türkmənistan parlament sədri və təhsil nazirinin Türkiyəyə səfəri zamanı edilən dəvət əsasında baş tutub. “Türkmənistanın yanında olmağa davam edəcəyik. Əlaqələrimizi daha da inkişaf etdirmək və əməkdaşlıqla bağlı imza proseslərini problemsiz şəkildə sürətləndirmək bizim vəzifəmizdir” - deyə Tekin vurğulayıb.

Görüşlərdə Türkmənistanla Birgə Türk-Türkmən Məktəbinə verilən dəstək, kurikulumların qarşılıqlı uyğunlaşdırılması, müəllim və tələbə mübadiləsi, eləcə də Türkiyə Maarif Vəqfinin (TMV) bu ölkədə fəaliyyətə başlaması ilə bağlı məsələlər müzakirə olunub.

Türkmən tərəfi isə bu səfərin əhəmiyyətini yüksək qiymətləndirib, təcrübə mübadiləsinə və təhsil sahəsində yeni təşəbbüslərə açıq olduqlarını bəyan edib. Bayramgül Orazdurdıyeva və Şamyradoviç həmçinin Türk dili və mədəniyyətinin ortaq təhsil proqramlarında daha da geniş yer almasının vacibliyini qeyd ediblər.

AK Partiya sədr müavini Fatma Betül Sayan Kaya və MHP sədr müavini Zühal Topçu da görüşlərdə iştirak edərək, qarşılıqlı əməkdaşlıq və müqavilələrin imzalanmasına dəstək verdiklərini bildiriblər.

Digər Kateqoriyalar

2025 © Azervoice