BAKI,AzerVoice
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın Seul şəhərinə işgüzar səfəri çəçivəsində Fond ilə UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzi (ICHCAP) arasında Anlaşma Memorandumu imzalanıb.
AzerVoice xəbər verir ki, sənədi Fondun prezidenti xanım Aktotı Raimkulova və Baş direktor v.i.e. xanım Gyuri Park imzalayıb. Anlaşma Memorandumu qeyri-maddi mədəni irsin qorunması, tədqiqi, sənədləşdirilməsi, rəqəmsallaşdırılması və beynəlxalq səviyyədə təbliği sahəsində tərəflər arasında institusional əməkdaşlığın qurulmasını nəzərdə tutur.
Memorandum çərçivəsində birgə layihələrin həyata keçirilməsi, elmi və informasiya mübadiləsinin aparılması, mütəxəssislərin cəlb olunması, həmçinin regional və beynəlxalq platformalarda ortaq təşəbbüslərin təşviqi planlaşdırılır.
Sənəd Türk dünyası ilə Asiya–Sakit okean regionu arasında mədəni irs sahəsində əməkdaşlığın və qarşılıqlı dialoqun gücləndirilməsi baxımından yeni üfüqlər açır, türk xalqlarının zəngin mədəni irsinin təkcə Avropada deyil, həmçinin Asiyada və qlobal arenada təqdim olunması üçün geniş imkanlar yaradır.
Seulda baş tutan Anlaşma Memorandumunun imzalanması və yüksək səviyyəli ikitərəfli görüşlərin keçirilməsi Türk Mədəniyyəti və İrsi Fondunun beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, UNESCO strukturları ilə əməkdaşlığın möhkəmləndirilməsi və türk xalqlarının zəngin qeyri-maddi mədəni irsinin qlobal miqyasda tanıdılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.