Əsas səhifə » FIFA Dioqo Jotanın vəfatı ilə bağlı başsağlığı verib

FIFA Dioqo Jotanın vəfatı ilə bağlı başsağlığı verib

BAKI, AzerVoice

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Caninni İnfantino, İngiltərənin "Liverpul" futbol klubunun oyunçusu Dioqo Jotanın ölümünə görə təşkilat adından başsağlığı verib.

AzerVoice xəbər verir ki, İnfantinonun açıqlamasını FİFA-nın mətbuat xidməti yayıb.

"Dioqo Jotanın və onun qardaşı Andre Silvanın faciəvi şəkildə ölüm xəbərini eşitməkdən dərin kədər duyuram. Yalnız 28 yaşında olan Dioqo fantastik bir karyera qurmuşdu və onun qarşısında hələ çox möhtəşəm illər vardı, Andre isə "Penafiel"də uğur qazanmışdı - hər ikisini tanıyanlar, həmçinin bütün dünya futbol ailəsi onları çox axtaracaq. FİFA və bütün futbol ailəsi adından onların ailə üzvlərinə, "Liverpul", "Penafiel" klublarının işçilərinə və Portuqaliya Futbol Federasiyasına başsağlığı verirəm. Həmişə sülh içində yatsınlar" – deyə, İnfantino bildirib.

Xatırladaq ki, Dioqo Jota və onun qardaşı Andre Silva, İspaniyanın Samora bölgəsində baş vermiş qəza nəticəsində həlak olublar.

Dioqo Jota 28 yaşında idi və 2020-ci ildən etibarən "Liverpul"da oynayırdı. Komandası ilə İngiltərə çempionu, İngiltərə Kuboku və Liqa Kubokunu qazandı. Ümumilikdə, İngiltərə klubunda 182 oyuna çıxıb, 65 qol vurub və 26 məhsuldar ötürmə verib. Portuqaliya milli komandası ilə iki dəfə Millətlər Liqasının qalibi olub. Daha əvvəl o, İspaniyanın "Atletiko", Portuqaliyanın "Porto" və İngiltərənin "Vulverhempton" komandalarında da çıxış edib.

Digər Kateqoriyalar

2025 © Azervoice