BAKI, AzerVoice
SOCAR-ın “Elm və Təhsil Fondu”nun 2025-ci il üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi müəssisələr arasında elan etdiyi qrant müsabiqəsinin qalibləri müəyyən edilib.
AzerVoice xəbər verir ki, müsabiqə neft-qaz sənayesi, alternativ enerji və yaşıl energetika sahələrində aktual elmi problemlərin tədqiqi, innovativ nəticələrin əldə olunması və texnoloji potensialın təşviqi məqsədilə təşkil olunub.
SOCAR-ın “Elm və Təhsil Fondu”nun İdarə Heyətinin qərarına əsasən, aşağıdakı istiqamətlər üzrə layihələr qalib elan olunub:
-
Neft və qaz hasilatı: Quyuların sulaşmasına qarşı mübarizə, az debitli quyularda neft-su nisbətinin artırılması və hasilatın optimallaşdırılması üçün proqram təminatlarının yaradılması (Riyaziyyat İnstitutu, Neft və Qaz İnstitutu).
-
Geologiya və geofizika: Abşeron yataqlarında şaquli hərəkətlərin InSAR texnologiyası ilə monitorinqi, qeyri-struktur tipli tələlərin aşkarlanması və neft-qaz potensialının qiymətləndirilməsi (Geologiya və Geofizika İnstitutu).
-
Neft-kimya və ekologiya: Ekoloji təmiz mühərrik yanacaqlarının istehsalı, neftlə çirklənmiş torpaqların təmizlənməsi üçün hibrid metodlar və çoxfunksiyalı inhibitorların sintezi (Neft-Kimya Prosesləri İnstitutu).
-
İnnovasiyalar və rəqəmsallaşma: Neft hasilatında enerji sərfinin optimallaşdırılması üçün süni intellekt (dərin təlim) modelləri və rəqəmsal xidmət infrastrukturu alqoritmlərinin işlənilməsi (İnformasiya Texnologiyaları İnstitutu).
-
Nanotexnologiyalar: Neft sənayesi üçün yeni nəsil nanokompozit materialların alınması və modifikasiya olunmuş nanohissəciklərin tədqiqi (Fizika İnstitutu).
Qeyd edək ki, layihələr karbohidrogen hasilatı, nəqli, emalı və sahənin dayanıqlı inkişafı kimi prioritet istiqamətləri əhatə edir.