BAKI, AzerVoice
Azərbaycanın sosial təminat sisteminin əsas maliyyə mənbəyi olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı ilin ilk ayına dair göstəriciləri məlum olub.
AzerVoice xəbər verir ki, Fondun həm gəlirlərində, həm də xərclərində artım qeydə alınıb.
Gəlirlər proqnozdan 154 milyon manat çoxdur
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nin gəlirləri bu ilin yanvar ayında proqnozla müqayisədə 26 faiz və ya 154 mln. manat çox olmaqla, ümumilikdə 755 mln. manat təşkil edib.
Gəlirlərin tərkib hissəsi olan məcburi dövlət sosial sığorta daxilolmaları da artım dinamikasını qoruyub. Belə ki, həmin dövrdə bu daxilolmalar proqnoza nisbətən 3 faiz (12 mln. manat) artaraq 470 mln. manata çatıb.
Sosial xərclərdə 52 milyon manatlıq artım
Fondun xərclər hissəsində də ötən ilin müvafiq dövrü ilə müqayisədə ciddi fərq yaranıb. Yanvar ayında DSMF-nin xərcləri 626 mln. manat olub. Bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə 9 faiz və ya 52 mln. manat daha çoxdur.
Mütəxəssislərin fikrincə, daxilolmaların proqnozu üstələməsi əmək bazarında şəffaflaşma proseslərinin sürətlənməsi və sığorta-pensiya sisteminin maliyyə dayanıqlığının güclənməsindən xəbər verir.