BAKI,AzerVoice
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində institutun “İslamşünaslıq” ixtisasının I kurs tələbəsi Həmzə Həsənovun ailəsini ziyarət edib.
AzerVoice xəbər verir ki, görüş zamanı Ramin Məmmədov ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan bəhs edərək bildirib ki, dövlətin təşəbbüsü ilə həyata keçirilən proqramlar gənclərin bilik və bacarıqlarının artırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.
O, milli-mənəvi dəyərlərə sadiq, məsuliyyətli və savadlı gənclərin yetişdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.
Komitə sədri gənclərin sosial həyata fəal şəkildə cəlb edilməsi, dünyagörüşlərinin zənginləşdirilməsi və sağlam təhsil mühitinin yaradılması məqsədilə Aİİ-də müxtəlif maarifləndirici və sosial təşəbbüslərin həyata keçirildiyini bildirib. Qeyd olunub ki, bu layihələr tələbələrin fərdi inkişafına mühüm töhfə verməklə yanaşı, cəmiyyətdə sağlam dini düşüncənin formalaşdırılması, tolerantlıq və multikultural dəyərlərin qorunmasına xidmət edir.
Ramin Məmmədov bu cür görüşlərin tələbə, ailə və ali təhsil müəssisəsi arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, tələbələrin sosial vəziyyətinin yaxından öyrənilməsinə və zəruri dəstək mexanizmlərinin müəyyənləşdirilməsinə imkan yaratdığını qeyd edib.
Tələbənin valideynləri övladlarının təhsili üçün yaradılan şəraitə, göstərilən diqqətə, eləcə də mövcud təqaüd və dəstək mexanizmlərinə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Həmzə Həsənov Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 618 bal toplayaraq Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisasına qəbul olunub. O, ali təhsil müəssisəsinə yüksək nəticə ilə qəbul olduğu üçün Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən təsis edilən “Həmzə Nigari” adına təqaüdlə təltif edilib.