
BAKI, AzerVoice
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən hazırlanan 2 mobil tətbiq Milli İnternet Mükafatına layiq görülüb.
Bu barədə AzerVoice-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
“MilliNet 2025” müsabiqəsinə ümumilikdə 13 nominasiya üzrə 179 rəqəmsal resurs, o cümlədən Sosial Xidmətlər Agentliyi tərəfindən xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial xidmətlərə əlçatanlığının təmin edilməsi, onlara daha keyfiyyətli xidmətlərin göstərilməsi məqsədilə hazırlanan iki layihə təqdim edilib.
Onlardan Agentliyin “Övladını tanı” mobil tətbiqi “İlin innovativ həlli” nominasiyasında 2-ci yerə, “Tiflo TV” mobil tətbiqi isə “İlin informasiya resursu” nominasiyasında 2-ci yerə layiq görülüb.
“Övladını tanı” mobil tətbiqi vasitəsi ilə valideyn 6 yaşına qədər övladınının inkişaf dinamikasını qiymətləndirə, hesabatlandıra, inkişafını planlaya, inkişafı üçün tapşırıqlar əldə edə və inkişafını izləyə bilir.
Bir il əvvəl istifadəyə verilən “Tiflo TV” mobil tətbiqində isə bir sıra sənədli, bədii və cizgi filmləri görmə imkanları məhdud şəxslərin maraqları əsas götürülməklə və tanınmış aktyorlar tərəfindən səsləndirilməklə tiflo şərh formatında təqdim edilir.