Əsas səhifə » Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qırğız poeziyasının klassiki Alıkul Osmonova həsr olunmuş Beynəlxalq Forumda iştirak edib

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qırğız poeziyasının klassiki Alıkul Osmonova həsr olunmuş Beynəlxalq Forumda iştirak edib

BAKI, AzerVoice

12 may 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova, Qırğız Respublikasına etdiyi işgüzar səfər çərçivəsində Bişkek şəhərində yerləşən Yusup Balasaqun adına Qırğız Milli Universitetində keçirilən “Alıkul Osmonovun Poeziya Dünyası” adlı Beynəlxalq Forumda iştirak edib.

AzerVoice xəbər verir ki, görkəmli qırğız şairi Alıkul Osmonovun anadan olmasının 110 illiyinə həsr olunmuş bu forum, müasir qırğız poeziyasının banilərindən biri olan şairin yaradıcılığının elmi-akademik müstəvidə təbliği və tədqiqi məqsədilə mühüm bir tədbir kimi təşkil olunub.

Forum çərçivəsində Aktotı Raimkulova açılış nitqi ilə çıxış edərək Alıkul Osmonovun poetik irsinin bütün türk sivilizasiyası üçün əhəmiyyətini vurğulayıb, 2024-cü ildə Fond tərəfindən Bişkek şəhərində Alıkul Osmonovun ev-muzeyinin bərpası və muzeyləşdirilməsi layihəsinin uğurla icra olunduğunu qeyd edib. O, həmçinin Fondun türk mədəniyyəti, ədəbi irs və mədəniyyətlərarası əməkdaşlığın təşviqi istiqamətində həyata keçirdiyi əsas təşəbbüsləri forum iştirakçılarına təqdim edib.

Forum Qırğızıstanın elmi, siyasi və mədəni qurum nümayəndələrini bir araya gətirib. Tədbirin fəxri qonağı Qırğız Respublikasının Dövlət katibi Suyunbək Kasmambetov olub.

Türk Mədəniyyəti və İrsi Fondu ənənəvi olaraq türk xalqlarının ədəbi və tarixi irsinin qorunması və təbliğinə yönəlmiş layihələri dəstəkləyir. Tədbirdə iştirak, türk ölkələri arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə verilmiş önəmli bir töhfə kimi dəyərləndirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice