Bakı, AzerVoice
“Media Savadlılığı” Həftəsi çərçivəsində müxtəlif qurumların
rəsmilərinin, sahə üzrə yerli və xarici ekspertlərin və 500 nəfərə
yaxın Azərbaycan könüllüsü və gəncinin iştirakı ilə “Media
Savadlılığı” Konfransı keçirilir.
AzerVoice
xəbər verir ki, konfransın açılış mərasimində çıxış edən Medianın
İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media
savadlılığının artırılmasının kifayət qədər miqyaslı və cəmiyyətin
bütün seqmentlərini əhatə edən davamlı proses olduğunu, dövlət
qurumlarının, medianın və cəmiyyətin ünsiyyətinin sağlam prinsiplər
əsasında qurulmasının və effektiv kommunikasiyasının vacibliyini,
medianın məzmun istehsalında peşəkarlığının yüksəldilməsinin bu
istiqamətdə mühüm əhəmiyyət daşıdığını bildirib.
O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərimizdə sürətli quruculuq işlərinin davam etdirilməsi, Böyük Qayıdış prosesinin intensivləşməsi ilə yanaşı, paytaxt Bakının müstəqillik tariximizin ən böyük, qlobal miqyaslı tədbirinə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsi dövlətimizin artan nüfuzunun və lider mövqeyinin göstəricisi olub.
“Azərbaycanın dinamik ictimai mühiti, dövlətimizin dünyanın
diqqət mərkəzinə çevrilməsi ilk növbədə Azərbaycan mediasının
fəaliyyətinə ciddi təsir göstərmiş, onun tək ölkə daxilində deyil,
eyni zamanda beynəlxalq media gündəminin formalaşdırılmasında
peşəkar fəallığını artırması üçün ciddi informasiya əsası
yaradıb.
COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda
nüfuzunun günü-gündən artmasının, regional və qlobal layihələrin
həyata keçirilməsində öz üzərinə yeni rol və məsuliyyət
götürməsinin növbəti təzahürü idi.
BMT tərəfindən dünyanın bir nömrəli qlobal problemi hesab edilən
iqlim dəyişikliklərinə həsr olunmuş COP29-un effektiv
işıqlandırılması, onun mahiyyəti və əhəmiyyəti barədə cəmiyyətin
dolğun məlumatlandırılması baxımından səmərəli media və
kommunikasiya mexanizminin qurulması ictimai rəyin düzgün
formalaşdırılması üçün müstəsna əhəmiyyət daşıyırdı.
Apardığımız təhlillər göstərir ki, Azərbaycanın bütün media
subyektləri müstəqillik tariximizin ən böyük tədbiri zamanı yüksək
peşəkarlıq nümayiş etdirmiş, həm yerli, həm də xarici auditoriyanın
informasiya ilə təmin edilməsində səylərini əsirgəməyiblər.
Fürsətdən istifadə edərək, COP29 zamanı peşəkar fəaliyyətlərini yüksək səviyyədə yerinə yetirmiş jurnalistlərimizi bir daha təbrik edir, təşəkkürümüzü bildiririk!”,- deyə o bildirib.
Daha sonra Audiovizual Şuranın sədri İsmət Səttarov “Media Savadlılığı” konfransında çıxışı zamanı deyib ki, hazırki informasiya məkanında, məlumat bolluğu şəraitində doğru, etibarlı, qərəzsiz informasiya əldə etmək üçün media savadlı olmağa xüsusi ehtiyac var.
"Media savadlılığı - ehtiyac duyulan məlumatı tapmaq, qiymətləndirmək və ondan səmərəli istifadə etmək bacarığıdır.
İnformasiyanı anlamaq, tənqidi düşünmək, jurnalistikanın prinsiplərini dərk etmək, medianın necə fəaliyyət göstərdiyini başa düşmək, mediada yayılan məlumat və hadisələrin heç də həmişə reallığı əks etdirmədiyini anlamaq media savadlılığının əsasını təşkil edir.
Nəzərə alsaq ki, dünya üzrə orta gündəlik sosial media istifadəsi 145 dəqiqədir, informasiyadan düzgün istifadə nəinki jurnalistlər üçün eyni zamanda hər kateqoriyadan insan üçün olduqca böyük əhəmiyyət kəsb edir. Bu kontekstdə media savadlılığının hər bir insanın təhsilində özünə yer alması çox mühümdür.
Media savadlılığının müxtəlif səviyyələrdəki təhsil proqramlarına daxil edilməsi artıq günün zərurətinə çevrildiyini deyə bilərik",- deyə İ.Səttarov bildirib.
Xəbər yenilənəcək