Əsas səhifə » Səudiyyə Trampın atəşkəs qərarını alqışlayıb

Səudiyyə Trampın atəşkəs qərarını alqışlayıb

BAKI, AzerVoice

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın regionda gərginlik tərəfləri arasında atəşkəs razılaşmasına nail olunması ilə bağlı açıqlamasını alqışlayıb və gərginliyin azaldılması istiqamətində göstərilən səyləri yüksək qiymətləndirib.

AzerVoice xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatda bildirilib.

"Krallıq ümid edir ki, qarşıdakı dövrdə bütün tərəflər gərginliyi azaltmağa, güc tətbiqindən çəkinməyə sadiq qalacaq və bu razılaşma regiona təhlükəsizlik və sabitliyin qaytarılmasına, gərginliyin azaldılmasına töhfə verəcək. Krallıq bir daha təsdiqləyir ki, o, dövlətlərin suverenliyinə hörmət, təhlükəsizlik, sabitlik, rifah və inkişafın möhkəmləndirilməsi prinsiplərinə əsaslanaraq regional münaqişələrin və fikir ayrılıqlarının həlli üçün dialoq və diplomatik yolların dəstəklənməsinin tərəfdarıdır" - deyə, bəyanatda qeyd olunub.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

ABŞ prezidenti Donald Trampın bəyanatına əsasən, İsrail və İran tam atəşkəsə razılıq veriblər. İsrail hakimiyyəti ABŞ-ın təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bəyan edib.

Digər Kateqoriyalar

2025 © Azervoice