Bakı. AzerVoice:
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqlim dəyişikliyi və ətraf mühit nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində bu ölkə ilə qida və kənd təsərrüfatı sahələrində birgə fəaliyyətə dair müzakirələr aparılıb.
BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri ilə görüş
Azərbaycana səfər edən BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri xanım Əmna Əl Dahak Əl Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da görüş keçirilib.
Görüşdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilən ərazilər və iqtisadi zonalarda sərmayədarlar üçün yaradılan imkanlar, nəqliyyat-logistika potensialı barədə məlumat verib. AZPROMO-nun fəaliyyəti, ixracın və investisiyaların təşviqi mexanizmlərindən bəhs edib. Bu xüsusda Azərbaycan şirkətlərinin AZPROMO-nun təşkilatçılığı ilə BƏƏ-də keçirilən “Gulfood” sərgisində mütəmadi iştirakı qeyd edilib.
BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri xanım Əmna Əl Dahak Əl Şəmsi nümayəndə heyətinin ölkəmizə səfərinin məqsədinin Azərbaycandan idxal imkanlarını daha yaxından öyrənmək, xüsusilə aqrar sahədə investisiya perspektivlərini dəyərləndirmək olduğunu bildirib, əməkdaşlıq istiqamətləri haqqında fikirlərini bölüşüb.
Görüş zamanı işbirliyi perspektivlərinə dair müzakirə aparılıb. Tərəflər bir-birini ölkələrimizdə təşkili planlaşdırılan beynəlxalq tədbirlərdə, o cümlədən “Investopia 2026” (BƏƏ) və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (Azərbaycan) iştiraka dəvət ediblər.
Azərbaycan – BƏƏ qida və kənd təsərrüfatı dəyirmi masası
Azərbaycana səfər edən BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri xanım Əmna Əl Dahak Əl Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə qida və kənd təsərrüfatı sahələrində əməkdaşlığa həsr edilmiş işgüzar dəyirmi masa keçirilib. Tədbirdə ölkəmizi və BƏƏ-ni təmsil edən dövlət qurumlarının təmsilçiləri və sahibkarlar iştirak ediblər.
Dəyirmi masada ölkələrimizdə iqtisadiyyatın aqrar, qida və qida təhlükəsizliyi sektorlarına xüsusi önəm verildiyi vurğulanıb, Azərbaycandan BƏƏ-yə aqrar məhsulların ixrac imkanları haqqında fikirlər səsləndirilib.
BƏƏ-nin Azərbaycanda səfiri Məhəmməd Əl Bluşi bu cür tədbirlərin biznes dairələri arasında birbaşa əlaqələrin qurulması baxımından əhəmiyyətini qeyd edib.
Dəyirmi masada qida və kənd təsərrüfatı sahələrində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı müzakirə edilib, bu sahələrə aid təqdimatlar keçirilib.
Tədbir çərçivəsində B2B görüşlər olub.
Dəyirmi masadan sonra BƏƏ nümayəndə heyətinin Azərbaycanın ixrac potensialına malik qabaqcıl ət və ət məhsulları istehsalı müəssisəsinə səfəri təşkil olunub.