BAKI,AzerVoice, Nailə Babazadə
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında yaranmış fikir ayrılığını “asanlıqla həll edə biləcəklərini” bildirib.
AzerVoice xəbər verir ki, Tramp Florida ştatından paytaxt Vaşinqtona qayıdarkən “Air Force One” təyyarəsində jurnalistlərə açıqlama verib.
O, Səudiyyə Ərəbistanı ilə BƏƏ arasında “həqiqətən anlaşılmazlıq” olduğunu qeyd edərək, “Bunu çox asan şəkildə həll edə bilərik” deyib.
İki Körfəz ölkəsi arasındakı gərginliyə müdaxilə planının olub-olmaması ilə bağlı suala cavabında isə hələlik belə bir planının olmadığını bildirib.
BƏƏ-nin dəstəklədiyi Cənub Keçid Şurasına (CKŞ) bağlı qüvvələr 2025-ci ilin dekabr ayının əvvəlində ölkə ərazisinin təxminən yarısını təşkil edən Hədramevt və Məhra vilayətlərini ələ keçirmişdi.
CKŞ yerli, regional və beynəlxalq çağırışlara baxmayaraq geri çəkilməkdən imtina etdikdən sonra, Səudiyyə Ərəbistanı rəhbərliyində fəaliyyət göstərən Ərəb Koalisiyasının hava dəstəyi ilə keçirilən əməliyyatlar nəticəsində sözügedən vilayətlər üzərində nəzarət yenidən bərpa olunmuşdu.
Ərəb Koalisiyasının sözçüsü Türki əl-Maliki yanvarın 7-də Yəməndəki vəziyyətin müzakirəsi üçün Ər-Riyadda keçirilməsi planlaşdırılan konfransa qatılması gözlənilən Prezidentlik Şurasının üzvü və CKŞ rəhbəri Aidarus əz-Zübeydinin BƏƏ-yə getdiyini açıqlamışdı.
Yəmən Prezidentlik Şurası isə həmin gün Zübeydinin Şura üzvlüyünün ləğv edildiyini və barəsində “vətənə xəyanət” ittihamı da daxil olmaqla hüquqi proses başladıldığını bildirmişdi.
Ardıcıl hərbi və siyasi hadisələrdən sonra CKŞ yanvarın 9-da özünü buraxdığını elan etmişdi.
Donald Tramp Səudiyyə Ərəbistanı və BƏƏ münasibətləri
ABŞ prezidenti Donald Trampın Körfəz ölkələri arasındakı gərginliklə bağlı açıqlaması, Səudiyyə Ərəbistanı ilə BƏƏ arasında yaranmış fikir ayrılığı, Yəməndə siyasi və hərbi hadisələr, Cənub Keçid Şurası böhranı, Ərəb Koalisiyası əməliyyatları və regionda diplomatik proseslər.