BAKI,AzerVoice
Xaricdə yaşayan azərbaycanlı icmaların fəal nümayəndələrinin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib.
AzerVoice xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ukrayna Azərbaycanlıları Konqresinin İvano-Frankovsk vilayəti diaspor təşkilatının rəhbəri Mətləb Nəcəfovu qəbul edib.
Görüş zamanı komitə sədri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqəti vurğulayıb. Soydaşlarımızın yaşadıqları ölkələrin ictimai həyatına fəal inteqrasiyası, Azərbaycan həqiqətlərinin təbliği, milli-mədəni irsimizin tanıdılması istiqamətində gördükləri işlər yüksək qiymətləndirilib. Diaspor təşkilatlarının ölkələrarası münasibətlərin inkişafında mühüm rol oynadığı qeyd olunub və gələcək fəaliyyətlə bağlı tövsiyələr diqqətə çatdırılıb.
Daha sonra Mətləb Nəcəfova “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim edilib.
Mətləb Nəcəfov göstərilən etimada görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib, gələcəkdə də ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və diaspor fəaliyyətinin daha mütəşəkkil təşkili üçün səylərini davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, Mətləb Nəcəfov 2000-ci ildən Ukrayna Azərbaycanlıları Konqresinin İvano-Frankovsk vilayəti diaspor təşkilatına rəhbərlik edir. O, Rusiya–Ukrayna münaqişəsi dövründə bir çox azərbaycanlıya humanitar və təşkilati dəstək göstərib.