BAKI,AzerVoice, Orxan Qədirzadə
İran və ABŞ arasında gərginlik qarşılıqlı açıqlamalar fonunda daha da dərinləşir.
AzerVoice xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əlirza Təngsiri ABŞ Prezidenti Donald Trampın hədələyici bəyanatlarına sərt cavab verib. O bildirib ki, ABŞ-ın regionu tərk etməsinin vaxtı çatıb, əks halda bunun nəticələrinə ağır olacaq.
İranın xarici işlər naziri Abbas Araqçi isə açıqlamasında ölkənin silahlı qüvvələrinin tam döyüş hazırlığı vəziyyətində olduğunu vurğulayıb. Nazir qeyd edib ki, İranın quru ərazisinə, hava məkanına və ya dəniz sərhədlərinə ediləcək istənilən hücum dərhal və güclü cavabla qarşılanacaq.
Əlirza Təngsiri Fars körfəzində xarici hərbi mövcudluğu qeyri-legitim adlandıraraq bildirib ki, bu bölgənin təhlükəsizliyi yalnız İran və körfəzə sahilyanı ölkələrin məsuliyyətindədir. Onun sözlərinə görə, regiondan kənar güclərin burada hərbi varlığı qəbuledilməzdir.
“ABŞ-ın regionumuzdan çıxmasının vaxtı çatıb, əks halda nəticələrinə qatlanacaq,” – deyə iranlı komandan bəyan edib və Vaşinqtonun mümkün nəticələrə görə məsuliyyət daşıyacağını vurğulayıb.
ABŞ tərəfi isə İran rəsmilərinin bəyanatlarına cavab olaraq bölgədəki hərbi mövcudluğa diqqət çəkib. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İranın zərbə radiusunda təxminən 40 min amerikalı hərbçi yerləşir və mümkün risklər mövcuddur.