BAKI, AzerVoice, Orxan Qədirzadə
Azərbaycan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Yəmən Respublikasında mövcud gərginliyin azaldılması, təhlükəsizlik və sabitliyin təşviqi istiqamətində apardığı səyləri alqışlayır.
AzerVoice-un məlumatına görə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, Yəməndə mövcud vəziyyət bütün tərəflərin təmkin nümayiş etdirməsinin, dialoqa üstünlük verilməsinin, eləcə də kollektiv əməkdaşlıq və dinc həll yollarının prioritetləşdirilməsinin vacibliyini bir daha ortaya qoyur.
Açıqlamada vurğulanıb ki, Azərbaycan Yəmən Respublikasınin birliyinə, suverenliyinə və ərazi bütövlüyünə tam dəstəyini davam etdirir. Eyni zamanda, Yəmən xalqının maraqlarının qorunmasına, ölkədə uzunmüddətli sülhün, rifahın və inkişafın təmin olunmasına yönəlmiş bütün təşəbbüslər təqdir edilir.
Rəsmi Bakı beynəlxalq ictimaiyyəti Yəməndə sabitliyin bərqərar olunmasına töhfə verən səyləri gücləndirməyə çağırır və regionda davamlı sülhün yalnız dialoq və siyasi həll yolu ilə mümkün olduğunu qeyd edir.