Bakı. AzerVoice
Azərbaycanla indi sülh sazişini imzalamağa və daha sonra ratifikasiya etməyə hazırıq.
AzerVoice xəbər verir ki, bunu Çinin Mərkəzi telekanalına (CGTN) müsahibəsində Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan bildirib.
"Biz regionumuzda sülhlə maraqlanırıq. Müasir tarixdə, son bir neçə il ərzində müharibə yaşamış bir ölkə kimi yalnız sərhədlərimizdə deyil, daha geniş bölgələrdə və dünyada da sülhün bərqərar olmasında maraqlıyıq. Bu mənada başa düşdüyümüz qədərilə bizim yanaşmalarımız Çin yanaşmalarına çox yaxındır. Bizim bir sülh gündəmimiz var və bu, Ermənistan Respublikasının əsas prioritetlərindən biridir. Azərbaycanla danışıqlar aparırıq. Sülh sazişi layihəsi üzrə razılığa gəlmişik. İndi bu sülh sazişini imzalamağa və sonra ratifikasiya etməyə hazırıq", - XİN rəhbəri deyib.
Mirzoyan Ermənistanın Türkiyə ilə də münasibətlərin normallaşmasında maraqlı olduğunu vurğulayıb.
"Həmçinin, qərb qonşumuz Türkiyə ilə münasibətlərimizi normallaşdırmağa çalışırıq",- deyə o bildirib.
Qeyd edək ki, bu ilin mart ayında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesinin artıq yekunlaşdığını deyib.
"Yəni biz bir neçə dəfə məlumat vermişdik ki, son iki maddə qalıb və yaxın günlərdə Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini bizə əlaqə kanalları vasitəsilə çatdırıb. Buna görə mətn üzrə işlərin yekunlaşdırılmasını biz qeyd edə bilərik", - deyə o bildirib.