Əsas səhifə » 2025-ci ildə neftə tələbat artımı son 15 ilin ən aşağı səviyyəsindədir

2025-ci ildə neftə tələbat artımı son 15 ilin ən aşağı səviyyəsindədir

BAKI, AzerVoice

2025-ci ildə neftə tələbat artımı 2009-cu ildən bəri ən aşağı səviyyədə olacaq.

AzerVoice xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi (IEA) 2025-ci ildə qlobal neft tələbatının artım sürətinin 2009-cu ildən bəri ən zəif göstərici olacağını açıqlayıb.

Agentliyin Neft Bazarı Hesabatına əsasən, bu il qlobal neftə gündəlik tələbat artımı təxminən 700 min barel səviyyəsində olacaq.

Əvvəlki hesabatda bu göstəricinin 720 min barel olacağı proqnozlaşdırılmışdı. İlin ilk rübündə soyuq hava şəraiti səbəbilə İƏİT ölkələrində tələbat artsa da, ikinci rübdə artım yalnız 550 min barel təşkil edib. Tələbat artımındakı bu zəifləmə əsasən Çin, Yaponiya, Cənubi Koreya, ABŞ və Meksika kimi iqtisadiyyatlarda müşahidə olunur.

Qeyd edək ki, 2020-ci ildəki pandemiya istisna olmaqla, bu artım tempi son 15 ildə ən zəif göstəricidir. Bununla belə, Avropa və Asiya xaricindəki inkişaf etməkdə olan ölkələr nisbətən daha sabit tələbat nümayiş etdiriblər.

Qlobal neft tələbatının 2026-cı ildə 720 min barel artaraq 104 milyon 404 min barelə çatacağı proqnozlaşdırılır. Bu isə gələcəkdə iqtisadi siyasətlərin yumşaldılması ilə əlaqələndirilir.

Digər tərəfdən, IEA qeyd edir ki, iyun ayında qlobal neft təklifi gündəlik 950 min barel artaraq 105 milyon 620 min barelə çatıb. Bu artımda əsas pay OPEC+ ölkələrinin hesabınadır. Səudiyyə Ərəbistanı, İraq, Qazaxıstan və BƏƏ hasilatı artırsa da, İran və Venesuelada istehsal azalması qeydə alınıb.

İyunun ümumi göstəricilərinə görə, OPEC+ ölkələri gündəlik 42 milyon 750 min barel, qeyri-OPEC+ ölkələr isə 54 milyon 610 min barel xam neft hasil ediblər. İl ərzində hasilat artımının 2,9 milyon barel olduğu bildirilir ki, bunun 1,9 milyonu OPEC+ ölkələrinin payına düşür.

Digər Kateqoriyalar

2025 © Azervoice