BAKI, AzerVoice
Çin, radar sistemləri tərəfindən aşkar edilməsi çətin olan və müasir hərbi əməliyyatlarda istifadə üçün nəzərdə tutulmuş yeni bir mikro casus dron təqdim edib.
AzerVoice xəbər verir ki, cəmi 2 sm uzunluğa və 0,3 qram çəkiyə malik bu biyonik dron, ağcaqanadı xatırladan xarici görünüşü ilə seçilir.
Yeni texnologiya 20 iyun tarixində Çin dövlət televiziyası CCTV-7-də nümayiş olunub. Məlumata görə, mikro dron iki nazik qanad və üç zərif ayaqla təchiz olunub və saniyədə 500 dəfə qanad çırpa bilir. Cihazın gövdəsi isə yüksək dəqiqlikli sensorlarla təchiz olunaraq hərbi sahədə məxfi məlumat toplamaq üçün nəzərdə tutulub.
Dronun təqdimatında iştirak edən Çin Milli Müdafiə Texnologiyaları Universitetinin (NUDT) tələbəsi Lianq Hexianq bildirib ki, bu cür biyonik robotlar informasiya toplanması və xüsusi döyüş tapşırıqları üçün son dərəcə uyğundur.
“Hal-hazırda əlimdə ağcaqanadı xatırladan bir robot var. Bu miniatür robotlar döyüş meydanında gizli fəaliyyətlər üçün geniş imkanlar yaradır” – deyə o vurğulayıb.
Qeyd edək ki, mikro dron texnologiyaları yalnız Çində deyil, digər ölkələrdə də sürətlə inkişaf etdirilir. Norveçin “Black Hornet” adlı avuç içi ölçüsündə dronu artıq ABŞ və digər ölkələrin ordularında istifadə edilir. Bu kiçik cihaz kameralar və termal görüntü sistemləri ilə təchiz olunaraq kəşfiyyat məqsədi daşıyır.
ABŞ Müdafiə Nazirliyinin gizli tədqiqat bölməsi olan DARPA isə hələ 2006-cı ildə HI-MEMS (Hibrid Böcək-Mikro Elektro-Mexaniki Sistemlər) layihəsi çərçivəsində canlı böcəklərin içərisinə mikro cihazlar yerləşdirərək "cyborg" böcəklər üzərində çalışıb.
Yeni təqdim edilən Çin istehsalı mikro dron isə bu sahədə texnoloji yarışın yeni mərhələyə keçdiyini göstərir.