BAKI, AzerVoice
Məşhur geyim mağazası "Shein", Honq-Konqda ilkin səhmlərin yerləşdirilməsi (IPO) üçün sənədləri gizli şəkildə təqdim etməyə hazırlaşır. Bu, adətən şirkətlərin IPO öncəsi sənədləri açıq şəkildə paylaşdığı praktikadan fərqlənir.
AzerVoice xəbər verir ki, bu barədə məlumat Reuters agentliyi tərəfindən, məsələyə yaxın mənbələrə istinadla verilib.
Gizli sənəd təqdimatı şirkətə tənzimləyici qurumların yoxlamasından keçmək imkanı verir, bu zaman isə maliyyə və əməliyyat məlumatlarını ictimaiyyətə açıqlamaq məcburiyyəti olmur. Məlumata görə, sənədlər yalnız Honq-Konq Fond Birjasında son dinləmələrdən sonra açıqlanacaq. Bu mərhələdən əvvəl isə "Shein" Çin Qiymətli Kağızlar Tənzimləmə Komissiyasından təsdiq almalıdır. Çin tərəfinin şirkətə şifahi təsdiq verib-vermədiyi hələlik məlum deyil.
Qeyd edək ki, bu, "Shein"in son 18 ayda IPO üçün etdiyi üçüncü cəhddir. 2023-cü ilin sonunda ABŞ-da IPO üçün müraciət etmişdi, lakin bu plan baş tutmamışdı. Cari ilin aprel ayında Böyük Britaniyada IPO planı Maliyyə Nəzarəti İdarəsi tərəfindən təsdiqlənsə də, Çin tənzimləyicilərinin razılığını ala bilməmişdi. Bu səbəbdən şirkət diqqətini Honq-Konqa yönəldib.
Məlumat üçün bildirək ki, "Shein" 2008-ci ildə Çində yaradılıb. Təchizatçılarının əksəriyyəti hələ də Çində yerləşsə də, şirkətin qərargahı hazırda Sinqapurdadır və Çində satış həyata keçirmir. Dünyanın təxminən 150 ölkəsində fəaliyyət göstərən şirkət ucuz qiymətə geyimlər təklif edir – məsələn, 5 dollara paltar, 10 dollara cins şalvar.